“Qarabağ” – “Zirə” finalı. Ölkə kubokunun afişasını hazırlayarkən Qurban Qurbanovla Rəşad Sadıqovun fotolarından da istifadə etmək olar. Biri “Qızıl dubl” arzusundadı, digəri dostunun uğurlarını təkrarlamaq üçün ilk titulunu ölkə kubokunu qazanmaqla əldə etmək istəyir. Ölkə futbolunda nə baş verirsə versin, sırf idman nəticələri baxımından bu iki şəxsin etdikləri danılmazdı.
Qurbanov “Qarabağ”ı tam başqa bir səviyyəyə çatdırıb. Ağdam klubu Azərbaycan Premyer Liqasının ümumi səviyyəsindən xeyli yuxarıdadı. Çempionatda rəqabət artmasa, digər kolletivlər həqiqətən güclənməsə, “Qarabağ”ın özünün də problemləri yaranacaq. Avrokuboklardakı matçlarla daxili yarışlar arasında yerlə göy qədər fərq var və hansısa məqamda bu, Qurbanova mane olur. “Bazel”lə, “Marsel”lə oyunlarda aciz qalmamaq üçün “Qarabağ”ın daxili çempionatda rəqabət görməsi, səviyyəsini daha da artırması şərtdi.
“Qarabağ” son matçlarda rəqiblərini darmadağın edir – bu, komandanın gücünü göstərməklə yanaşı, digər rəqiblərlə aradakı aşkar fərqi də “ifşa edir”. Komanda bir az insaflı olmasa, dünən hesab ikirəqəmli də ola bilərdi. “Şamaxı”yla çempionat matçında olduğu kimi, “Qəbələ” də rəqibinin sürəti azaltmasına, ona acımasına görə daha rəzil duruma düşmədi.
Ağdamlılar finala vəsiqəni hələ ilk oyundan sonra qazanmışdı. Sadəcə, formal cavab matçına çıxıb bunu rəsmiləşdirmək lazım idi. “Qarabağ”sa daha artığını etdi, hətta ikinci heyəti ilə bölgə təmsilçisinə 5 cavabsız qol vurmaqla arzusuna çatdı. Növbəti çempionluq üçün cəmi 1 xal bəs edirsə, kubokun finalında həmişəki futbolu təkrarlamaq kifayətdi ki, “Qızıl dubl” rəsmiləşsin.
Lakin final matçı xüsusi yanaşma tələb edəcək. “Zirə” tarixi ərzində heç vaxt “Qarabağ”ı yenməsə də, hətta paslı tüfəng də nəvaxtsa bir dəfə atəş açır. Bu üzdən “Qarabağ”ın aşkar üstün olmasına rəğmən, kuboku indidən muzeyində görməsi doğru deyil.
“Zirə” zatən finala çıxmaqla əsas vəzifənin öhdəsindən gəlib, klub tarixində yeni səhifə açılıb. Düzdü, avrokuboklara vəsiqə təmin edilməyib, lakin komandanın 4 turda izləyiciləri ilə 7 xallıq fərqi əldən verəcəyi inandırıcı görünmür. Güman ki, mayın 27-dəki matçadək bütün məsələlərə aydınlıq gələcək və “qartallar” ilk titulunu qazanmaq üçün ölüm-dirim savaşına çıxacaq.
Dünənki oyuna gəlincə, çempion “Neftçi”nin mövsümü titulsuz başa vuracağı dəqiqləşdi. “Zirə” ylə hər iki oyunda qol vurulmadığından matç penaltilər seriyasına kimi uzandı və lotoreyada qonaqlar sevindi. Məşqçilər matça elə hazırlaşmışdı ki, bəlkə daha 120 dəqiqə oynanılsa, yenə qol vurulmayacaqdı. Etibarlı müdafiə olunan rəqiblər meydanın mərkəzində mübarizə aparınca təhlükəli hücum qurmağa fürsət qalmırdı.
Taktiki savaşın içində Samir Abasovla Rəşad Sadıqov bir neçə cəhd etdi, qonaqlar oyun sxemini dəyişdi, meydan sahibləri cinah oyunçularını yenilədi, lakin nəticə hasil olmadı. Yekunda “Zirə” yarımfinal mərhələsi üçün planladıqlarının mükafatını penalti seriyasında aldı.
Bu məğlubiyyət “Neftçi”də qarışıqlıq yaradacaq. Abasovun yaydakı yanlış transferləri zatən komandaya mənfi təsir edib, titulsuzluğu isə çətin ki, ona bağışlasınlar. Çempion məşqçi olması, “Qarabağ”ın seriyasını qırması da artıq xatırlanmır. Dünən hər nə qədər son vaxtların ən yaxşı futbolunu oynasa da, komandanın durumu qənaətbəxş deyil. Sıralanan qələbələr komandanın əsl gücünün göstəricisi deyil, bu ləngərləmə ilə bakılıların qayaya çırpılacağı dəqiq idi. Rəqiblərin zəifliyi üzündən avrokuboklara düşməyin erkən dəqiqləşməsi heç nəyi dəyişmir. 8 komandalı çempionatda qitə yarışların 4 vəsiqədən birini qazanmaq “Neftçi” kimi komandalar üçün problem olmamalı, eyni zamanda uğur sayılmamalıdı.
Abasovla bağlı hər cür qərarın verilməsi mümkündü – o, ya titulsuz qalmağın, liderdən bu qədər uzaq düşəməyin məntiqli izahatını verməli, günahsızlığını sübut etməli, ya da postundan getməlidi. Samir bəyin özünün yığdığı kollektivin nəyə qadir olduğu göründü. Rəhbərliyin daha bir belə şans verib-verməyəcəyi bilinmir.
Finalın iştirakçıları isə bəllidi. Hələlik hətta keçiriləcəyi yer dəqiqləşməyən matça kimi çempionat oyunlarında hədəfə çatmaq lazımdı. Ondan sonra kubok uğrunda mübarizənin planları cızılacaq. “Qarabağ” favoritdi, amma “Zirə”nin “Şamaxı” və ya “Qəbələ” kimi asan təslim olacağını düşünmürük.
FƏRİD