AFFA İcraiyyə Komitəsinin futboldan bixəbər üzvlərinin zatən hörməti yox idi, bu gün verəcəkləri qərarla özlərini lap abırdan salacaqlar. Onlar növbəti dəfə formal fiqurlar, tapşırıqlara çəpik çalanlar olduqlarını nümayiş etdirəcəklər. Ağalar nə əmr verirsə, öz fikri, düşüncəsi, baxışı, prinsipləri olmayan 13 nəfər ona uyur, sifariş olunan mahnıya oynayırlar.

Ölkə futbolunun başına düşmüş daş olan dağ boyda adamlar 33 gün öncə Azərbaycan Premyer Liqasında legioner limitinin və əvəzetmə sayının dəyişdirilməməsinə, olduğu kimi saxlanılmasına qərar vermişdi. Və həmin adamlar az sonra limitin “6+5”-dən “7+4”-ə, əvəzetmə sayının 3-dən 5-ə yüksəldilməsinə səs verəcək. Eyni adamların qısa müddət ərzində fərqli qərar verməsi özlərinə hörmət etməmələrinin, formal fiqur olduqlarını göstərmələrinin isbatıdı.

İcraiyyə Komitəsi o qədər hörmətsiz qurumdu ki, bu gün qəbul edəcəkləri qərarı artıq neçə gündü futbol ictimaiyyəti müzakirə edir. Yəni, qərar verilib, bu adamlar isə sadəcə, quş qoymaq üçün bir zala doldurulacaq.

AFFA-nın vitse-prezidenti Elxan Məmmədov Bakıya qayıdıb və çatan kimi klublara ya özü, ya da adamları yeni limit haqqında informasiya ötürür, veriləcək qərarı paylaşır. Və bunu guya klubların təkliflərini, narazılıqlarını nəzərə aldıqları üçün etdiklərini deyirlər. Yalandı! Klub nümayəndələrinin, mütəxəssislərin fikirləri 33 gün öncəki iclasdan qabaq da eyni idi – o zaman nəzərə alınmamışdısa, vəziyyətin dəyişməsinin, haqqında qərar verilən məsələnin yenidən müzakirəyə çıxarılmasının səbəbi var.

Bugünədək ən xırda məsələdə geri addım atmayan, hətta səhv qərarları belə xarakter göstərmək adıyla ləğv etməyən AFFA-nın vitse-prezidenti Elxan Məmmədov bu dəfə “sındırıldı”. İndi onun sözü qanun deyil, bu gün veriləcək qərarı növbəti məğlubiyyəti də saya bilərik. Klublardan birinin rəhbərliyi limitin, digəri əvəzetmə sayının dəyişdirilməsi üçün ən yüksək səviyyədə dəstək alıb və Elxanın ssenarisiylə çəkilmiş filmin yenidən lentə alınmasına nail olublar.

Doğrusu, “Futbolinfo” olaraq limitin dəyişdirilməsinin əleyhidarıyıq, bunun futbolumuza hansısa fayda verəcəyini düşünmürük. Legioner sayının 1 nəfər çox və ya az olması futboldakı problemlərin həlli deyil. Diqqət göstərilməsi daha vacib olan məsələlər var. Hətta limitin dəyişdirilməsinə qərar verilibsə belə, müəyyən qadağalar tətbiq edilməli, əcnəbilərin seçimində keyfiyyətə nail olunması üçün şərtlər qoyulmalıdı.

Kimin haqlı olduğunu demək çətindi və hər bir fikrə, təklifə hörmətlə yanaşmaq lazımdı. Belə məsləhət bilinirsə, onu da bir neçə il sınayaq. Lakin illərdi Azərbaycanda sınanmayan metod qalmayıb, nəticə isə eynidi. Kosmetik, görüntü xarakterli dəyişikliklərdənsə, köklü islahatlar aparılmalıdı. Bu, futbolumuz üçün daha xeyirli olar.

İstənilən halda, bu gün qərar veriləcək və İcraiyyə Komitəsi özünü ifşa edəcək. Limitin dəyişməsinə nail olanların qalib gəldiyinə əmin deyilik. Böyük qələbələr meydanda real nəticələrlə qazanılır. Azərbaycan futbolu isə bu baxımdan səriştəsiz idarəçilər üzündən yetimdi.

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp