“Qarabağ” yeni mövsüm üçün heyətinə əl gəzdirmək niyyətindədi. Yeni transferlər gələnə kimi icarədə olanlarla bağlı qərar veriləcək, eyni zamanda heyətdən uzaqlaşdırılanlar müəyyənləşəcək.

Qaspar Panadero, Ovusu Kvabena və Rahil Məmmədov düşərgəyə gələcək, daha sonra onların yenidən icarəyə veriləcəyi, komandada qalacağı, yoxsa müqavilənin pozulacağı aydınlaşacaq. Onların hər biri iyunun 9-da komandaya qoşulmalıdı. Müqaviləsi bitməkdə olan və yeni anlaşma imzalanmayacağı dəqiqləşən Xayme Romero və Riçard Almeyda ilə bağlı da həmin vaxt qərar veriləcək.

Maraqlıdı ki, Almeyda komandayla vidalaşacağını düşünmür. Milliləşdirilən braziliyalı futbolinfo.az-a açıqlamasında gedişi ilə bağlı yazılanların həqiqəti əks etdirmədiyini deyib: “Mənim müqaviləm iyunun 30-da başa çatacaq. Nə komandanın meneceri Asif Əsgərov, nə də baş məşqçi Qurban Qurbanov klubdan gedəcəyimlə bağlı bir söz deməyib. Yaxın bir həftədə menecerim onlarla danışıqlar aparacaq. Bundan sonra hər şeyə aydınlıq gələcək”.

Shares: