Yığma komandamızın üzvü Riçard Almeyda futbolinfo.az saytına müsahibə verib. Milliləşdirilmiş braziliyalı klub seçimi, təkliflər, eyni zamanda qarşıdakı oyunlar barədə danışıb.

– Mənim müqaviləm iyunun 30-da başa çatacaq. Nə komandanın meneceri Asif Əsgərov, nə də baş məşqçi Qurban Qurbanov klubdan gedəcəyimlə bağlı bir söz deməyib. Yaxın bir həftədə menecerim onlarla danışıqlar aparacaq. Bundan sonra hər şeyə aydınlıq gələcək.

– Yığmanın qarşıdakı oyunlarından nə gözləyirsən?

– Bu oyunlar bizim üçün çox vacibdir.  Bütün oyunçular bilir ki, yaxşı nəticələr qazanmalıyıq. Mən də öz növbəmdə milli üçün hər şeyi verməyə hazıram. “Qarabağ”da olduğu kimi burada da daim komandaya kömək etmək üçün gözləyəcəm. Biz bura təkcə milli komandadır deyə gəlmədik, nəticə əldə etmək üçün gəlmişik.

– Başqa klublardan təkliflərin var?

– Hazırda “Qarabağ”la müqaviləm davam etdiyi üçün heç bir şey deyə bilmirəm. Yerli klublardan da kimləsə danışmıram. Mənim menecerim hər şeyi müəyyənləşdirdikdən sonra hər digər məsələlər barədə düşünmək olar. Çox adam mənim hazırki durumumla bağlı soruşur, amma gözləməliyik.

– Azərbaycan kubokunun finalında sənin də birvaxtlar oynadığın “Zirə” ilə qarşılaşdınız. Rəqibin bu cür müqavimətin gözləyirdiniz?

– Rəşad Sadıqov məşqçi kimi inkişaf edir. Bunun nəticəsi idi ki, gözəl oyun gördük. Əvvəlcədən də bilirdik ki, asan olmayacaq. Qurban Qurbanov bunu bizə demişdi. Amma sonda titulu qazandıq.

– Son zamanlar demək olar ki, oynamaq şansı qazanmırdın…

– Düzdür, fevraldan bu yana demək olar ki, oynamadım. Bu, baş məşqçinin seçimi idi və mən ona hörmət edirəm. Amma hər zaman meydana çıxmağa, əlimdən gələni etməyə hazıram.

– Bir vaxtlar “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsində oynamısan. Hazırki komanda yenidən qrupa düşə bilər?

– Əlbəttə ki, bizim qrupa düşmək üçün şansımız var. Bizim yaxşı oyuçularımız, yüksək ambisiyaları olan məşqçi heyətimiz var. Bu hədəfimizə çata bilərik.

– Qazaxıstanda “Astana” klubunda oynamısan. Oradan olan dostların yəqin ki, var və qarşıda milli komandamızın rəqibi məhz Qazaxıstandır. Bir yerdə oynadığın həmin futbolçularla milli haqqında danışmısan?

– Bəli, orada dostlarım var. Amma oyundan öncə onlarla heç nə danışmamışam.

– Qazaxıstana qalib gəlmək üçün milli komanda nə etməlidir?

– Bilirik ki, bizim üçün çətindir. Lakin bizim gedib səfərdə yaxşı oyun oynamaq və müsbət nəticə ilə geri dönmək üçün hər bacarığımız var.

CAVAD

Shares: