Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
- AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsi təsdiq olunsun. Komitənin sədri vəzifəsi müvəqqəti olaraq 3 ay müddətinə Xalid Cavadova həvalə olunsun. Bu müddət başa çatdıqdan sonra tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə 2024-cü ilin martına qədər uzadılsın.
- Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümü 10 komandanın iştirakı ilə keçirilsin. Müvafiq lisenziya almış “Kəpəz” və “Turan Tovuz” klublarının Premyer Liqada iştirakı təsdiqlənsin.
- 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limiti 7+4 (7 əcnəbi, 4 yerli futbolçu) sistemi ilə tətbiq olunsun.
- Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə verilsin. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statuslu futbolçu olmalıdır.
- Naib Əsədov AFFA-nın İntizam Komitəsinə üzv təyin olunsun.
- Müvafiq komissiyanın təqdimatına uyğun olaraq, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
- Məlik Həsənov
- Xanoğlan Abbasov
- Əli Hüseynov
- Boris Tibilov
İclasın sonunda İcraiyyə Komitəsinin üzvü, “Şamaxı” Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundov işlərinin çoxluğu və vaxt məhdudiyyəti ilə əlaqədar klubda tutduğu vəzifədən istefa verdiyini bildirib.
İclas başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri və baş katib Sərxan Hacıyev Azərbaycan milli komandasının məşqini izləyiblər.