Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emrelinin futbolinfo.az saytına müsahibəsi
– “Dinamo”da keçirdiyin dövrü necə analiz edirsən? Ümumiyyətlə, özün üçün uğurlu, yoxsa istədiyin kimi olmayan dönəm adlandırırsan?
– “Dinamo”da keçirdiyim dönəm çətin başladı. Öncə transfer məsələsinin gecikməsi, Avropa Liqasının başlamasına az qalmış komandaya qoşulmağım stressli idi. Ondan öncə də koronavirusa yoluxmuşdum. Çətin günlər keçdi. Komandaya gec qoşuldum və digər futbolçulardan geri qalırdım. Ona görə də bəzi məqamlar istədiyim kimi olmadı.
– Son oyunlarda meydana çıxmamağın baş məşqçi ilə bağlı idi, yoxsa zədənlə?
– Həm zədəmlə bağlı idi, həm baş məşqçi ilə. İlk oyunu zədəmə görə buraxmışdım. Yeni futbolçuyam və bəzən oynamadığım anlar olur. Heç bir narazılığım yoxdur. Əsas odur ki, şans qazandığım zaman bundan istifadə etməyə çalışıram. Özümü yaxşı tərəfdən göstərməyə və əsas heyətdə özümə yer etməyə səy göstərəcəm.
– Mahir Emreli “Legiya”da olduğu kimi, özünü Xorvatiyada da sübut edə biləcək? Polşalıların bu mövsüm üçün bombardiri idin. “Dinamo”da bu, mümkün görünür?
– Bombardir olmaqdan öncə komandanın uğurları gəlir. Əsas olan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı və liqada çempion olmağı düşünürəm. Bütün bunlar olduğu zaman bombardirlik gəlirsə, xüsusi bir bəzək olur. Əvvəlcə, əsas heyətdə yer qazanmalıyam, bunu düşünməliyəm. Bildiyiniz kimi, “Dinamo”da mən daha çox sağ cinah yarımmüdafiəçisi kimi çıxış edirdim. Yalnız bir oyunda – “İstra”ya qarşı matçda mərkəz hücumçusu kimi çıxış etdim. Ona görə də daimi olaraq əsas heyətdə yer qazandıqdan sonra digər məsələləri fikirləşə bilərəm.
– Ümumiyyətlə, “Legiya”ya gedəndə demişdin ki, bura mənim üçün tramplindir. Bəs, “Dinamo”?
– “Legiya”ya gedəndə bu fikri gizlətmirdim və bütün düşüncəm bu idi. Tramplin kimi istifadə edib başqa klublara keçmək fikrim var idi. Bunu heç kəsdən də gizlətmirdim. Amma Zaqreb “Dinamo”su böyük klubdur, top-klublardan biridir. İstənilən halda, hər bir futbolçunun arzusu böyüməkdir, daha yaxşı yerlərdə oynamaqdır. Lakin indiki vəziyyətdə mən böyük bir camiənin üzvüyəm. Burada özümü daha yaxşı göstərib zaqreblilərin tarixinin bir hissəsi olmaq istəyirəm. Ümid edirəm ki, bunu bacaracam. Gələcəkdə nəsə olsa, lap yaxşı. O barədə çox düşünmürəm və 4 illik müqaviləm var. “Dinamo”da özümü yaxşı hiss edirəm, xoşbəxtəm. Mövsüm başlasın, oynayım, qollar vurum və hər şey daha yaxşı olacaq.
– Xorvatiya mətbuatı son zamanlar sənə daha çox diqqət ayırır. Bu, motivasiya verir?
– Xorvatiya mətbuatının diqqəti xüsusi məqamdır. İlk getdiyim vaxtlar şübhə ilə yanaşdıqları anlar olurdu. Sonradan meydana çıxdım və onların fikrini dəyişə bildim. Nəsə ortaya qoymuşamsa, sevinirəm. Onlar da bunu görürlər, yazırlar, dəyər verirlər. Bu da bir növ motivasiyadır. Çalışıram ki, hər zaman – yaxşı və ya pis oynamağımdan asılı olmayaraq -, sadəliyimi qoruyum. Çox da “yuxarıdan getməməyi” ağlıma qoymuşam. Çünki ancaq bu cür nəsə əldə etmək olar. Önəmlisi meydanda istədiyini ortaya qoya bilməkdir.
– Milli komandaya çağrılmısan və qarşıda vacib oyunlar var. Səncə, nəhayət, yaxşı nəticə olacaqmı?
– Ümid edirəm ki, yaxşı nəticə olacaq. Hər bir futbolçunun arzusudur ki, yığmada uğur qazansın. Tam olaraq bu motivasiya ilə köklənmişik. Yığmada olmayan futbolçular istirahətə yollanıb, amma bizi məsuliyyətli matçlar gözləyir. Bütün futbolçular çətin, ağır mövsümü geridə qoyub. Buna baxmayaraq, bütün diqqətimizi yönəldib bu oyunlardan yaxşı nəticə əldə etməyə, xalqımızı sevindirməyə çalışacağıq.
FƏRİD