Azərbaycan Premyer Liqasının ən bərbad idarə olunan klubu “Şamaxı”da vəziyyət dəyişir. İllərdi rəhbərinin hoqqaları üzündən pis imic qazanmış klub islahat ərəfəsindədi.
Zaur Axundovun gəlişi ilə “İnter”dən “Keşlə”yə çevrilən klub bu müddətdə sözügedən şəxsin biznes obyekti kimi fəaliyyət göstərib. Daim qalmaqalların, maliyyə söz-söhbətlərinin gündəm olduğu paytaxt təmsilçisində Axundovun məşqçi və futbolçularla xoşagəlməz davranışı barədə xəbərlər eşidirdik. Klubdaxili ab-havanın biabırçı həddə olduğu komandada hər an gözlənilməz qərarların verilməsi mümkün olurdu.
“Şamaxı”ya çevrilən klub bölgəyə köçdükdən sonra imicini də təmizləməyə borclu idi. Daimi uğursuzluqlardan sonra yerli publikanı razı sala biləcək kollektivə ehtiyac var idi. Dünən Axundovun istefaya göndərilməsi ilə bu yöndə ilk addım atıldı. Məşqçilərin, futbolçuların məhz bu şəxsə görə qaçdığı komanda indi yenidən toparlanmalıdı. Həm də bu, qısa zaman ərzində reallaşmalıdı. Heyətlərin komplektləşdiyi, futbolçuların özünə iş yeri axtardığı bir zamanda gecikmək olmaz. Əks halda, istənilən heyəti qurmaq mümkün olmayacaq.
Hazırda “Şamaxı”da qeyri-müəyyənlikdi. Klubun necə maliyyələşəcəyi, idarəçilərin kim olacağı bilinmir. Düzdü, müəyyən söz-söhbətlər var, bölgə təmsilçisinin yerli hakimiyyət orqanlarının himayəsində olacağı deyilir. Lakin bütün bunlar idman nəticələri baxımından uğurlu olmaq üçün kifayət deyil. Klubda futbol mütəxəssisləri olmalı, sponsorlarla işbiriyi təmin edilməlidi. Komanda quruculuğu ən çətin prosesdi, onu hər nə qədər xoşniyyətli olsalar da belə, naşı insanların ümidinə qoymaq olmaz.
Səviyyəli, iddialı kluba çevrilmək üçün “Şamaxı”ya elə bu səviyyədə rəhbər təyin edilməlidi. Təbii ki, maliyyə qaynaqları, ümumi idarəçilik öz yerində, lakin idman nəticələrinin yaxşılaşdırılması üçün sırf futbol adamının iş başına gətirilməsi lazımdı.
Yeni baş məşqçi kimi elan olunan, amma rəsmi müqavilə imzalandığına əmin olmadığımız Rüstəm Əliyev Premyer Liqada çalışacaq potensialda biri deyil. Yeni komanda quruculuğunda bu, çox önəmli məqamdı. Bünövrə sağlam qoyulmalıdı ki, davamı da yaxşı olsun. Bu baxımdan tam yeni layihə olan “Şamaxı”nın bugünlərdə edəcəkləri gələcəyinə güzgü tutacaq.
Ümumiyyətlə, klubun kimə tapşırılacağı, sponsorların nə qərar verəcəyi bəlli deyil. Lakin fikrimizcə, Şamaxıda uğurlu iş qurmaq istəyən şəxs ilk növbədə bu şəhərin veteranlarına, tanınan futbol simalarına üz tutmalıdı. Sözügedən şəhərin bu baxımdan bəxti gətirib, illərdi hazırkı AFFA rəhbərliyinin qərəzi üzündən kənarda saxlanılan, amma fəaliyyət göstərdiyi dövrdə önəmli işlər görən Tahir Süleymanov var. “Neftçi”nin ardıcıl çempionluqlarında, Azərbaycan klubları içində ilk dəfə avrokubokların qrupuna vəsiqə qazanmasında müstəsna rol oynamış bu şəxs işi ilə özünü sübut edənlərdəndi. Şamaxıda yenə klub qurularkən şəhərin ən parlaq futbol simasının kənarda qalması xoş mənzərə olmaz.
Süleymanov həm də vəzifəyə can atmaması, uyğun olmayan hər təklifə razılıq verməməsi ilə seçilən azsaylı mütəxəssislərdəndi. Bizdə olan bilgiyə görə, “Keşlə” “Şamaxı”ya çevriləndə ona Axundovun komandasında təmsil olunmaq təklif edilib, AFFA rəhbərliyi ilə bu barədə görüşlər olub. Lakin Tahir bəy klubdaxili ab-havanı bildiyindən öz təkliflərini irəli sürüb və şərtlərini bildirib. İllərdi bu şəxsi tanıyırıq, onun üçün prioritet sağlam, uğur qazanmağın mümkün olduğu mühitdə çalışmaqdı. “Şamaxı”nın yeni rəhbərliyi də eyni şeyləri düşünürsə, bu təyinatda maraqlı olmalıdı. Süleymanov qısa müddətdə iddialı komandanın təşkilində, infrastukturun qurulmasında, uşaq futbol akademiyasının yaradılmasında rol oynaya bilər.
Təbii ki, qərarı “Şamaxı”nın yeni himayədarları verəcək. Dost-tanışı, özünü reklam edənləri, yalançı vəd verənləri iş başına gətirmək olar. Lakin idman nəticələrinin yaxşılaşması, sağlam komanda quruculuğu yeni sponsorların marağındadısa, seçim bacarıqlı mütəxəssislərin lehinə edilməlidi.
Hər nə qərar veriləcəksə, tez verilməlidi. “Şamaxı”nın qeyri-müəyyənlikdə olduğu hər gün itirilmiş vaxtdı. Ölkənin üzdə olan futbolçularıın hamısı yeni klublarıyla müqavilə bağlayır, iş yerini seçir. Zaman keçdikdən sonra heç kimə lazım olmayan sıradan futbolçularla yaxşı komanda qurmaq mümkün olmayacaq. “Şamaxı” Axundovun dövründəkindən daha yaxşı, daha təmiz imicli klub olmağa məhkumdu.
AĞA