Son günlər futbol təsərrüfatında ciddi proseslərin getdiyini müşahidə edirik. AFFA İcraiyyə Komitəsinin bir ay ərzində iki fərqli qərarı, klubların maliyyələşməsi ilə bağlı qeyri-müəyyənlik, reallaşan və ehtimal olunan islahatlar özüylə ortaya həm də xeyli sual çıxarır.
Bütün bu məsələlərə aydınlıq gətirilməsi üçün AFFA rəsmilərindən kiminləsə danışmağa ehtyac var idi. AFFA-nın baş katibi Sərxan Hacıyevə də bu səbəbdən müraciət etdik.
Bizimlə danışdığı zaman milli komandayla birgə Qazaxıstana yola düşən qurum rəsmisi suallarımıza cavab verməyə etiraz etmədi. Vaxt məhdudiyyətini nəzərə alıb ən önəmli suallarımıza cavab istədik, ətraflı müsahibəni yığmanın oyunlarından sonraya saxladıq.
– Premyer Liqa klublarının büdcəsi ilə bağlı suallara nə vaxt tam aydınlıq gələcək? Mümkünsə məbləği açıqlayın. Sponsor “Misli” olacaqmı?
– Premyer Liqa klublarının büdcəsi ilə bağlı məsələyə yaxın zamanlarda aydınlıq gələcəyi gözlənilir. Hazırkı vəziyyətdə əlavə detallarla bağlı məlumat verə bilməyəcəm.
– İcraiyyə Komitəsinin son iclası niyə tam tərkibdə keçirilmədi? İclasa qatılmayanların üzrlü səbəbi var idimi?
– İcraiyyə Komitəsinin son iclasında qurumun 4 üzvü iştirak etməyib. Hər birinin üzrlü səbəbi vardı və iştirak edə bilməyəcəkləri ilə bağlı öncədən məlumat vermişdilər.
– İK-nın 29 aprel iclasında klublar üçün şərt qoyulmuşdu. Qarşıdakı mövsümdə sifariş ərizəsindəki 14, növbəti mövsümdə 12 legionerdən sonrakı hər bir əcnəbi üçün 50 min manat rüsum ödənilməlidi. 31 maydakı iclasda limit dəyişəndən sonra bu tələb qüvvədə qalırmı, yoxsa hansı formada dəyişilir? Niyə qərarda bununla bağlı açıqlama yoxdur?
– Bu məsələ ilə bağlı aprelin 29-da qəbul olunmuş müvafiq qərarlar qüvvəsində olduğu üçün mayın 31-də açıqlanmış qərarlarda təkrar olaraq qeyd olunmayıb.
– Milli komandanın baş məşqçisi Canni de Byazinin taleyinə qarşıdakı 4 oyunun nəticəsi təsir edəcəkmi?
– Əlbəttə, nəticə təsirsiz ötüşməyən ən əsas amillərdən biridir. Baş məşqçi Canni de Byazinin hazırda UEFA Millətlər Liqasının qrup mərhələsi oyunlarının sonunadək müqaviləsi mövcuddur və ünvanladığınız sual daha çox AFFA İcraiyyə Komitəsinin səlahiyyətlərinə aid olan məsələdir. Bundan öncə də müəyyən açıqlamalarda artıq qeyd etdiyim kimi, AFFA rəhbərliyi həm baş məşqçiyə, həm məşqçi heyətinə, o cümlədən futbolçularımıza yüksək etimad göstərir və gələcək oyunlarda bizi uğurlu çıxışları ilə sevindirəcəklərinə ümid edirik.
FƏRİD