“Mançester Yunayted”in və İngiltərə millisinin müdafiəçisi Harri Maquayr azarkeşlərin tənqidlərini necə qəbul etdiyindən danışıb.
Futbolinfo.az xəbər verir ki, o, hər şeyin bir həddi olduğunu deyib:
“Mənə hədə-qorxu gələn və daha yaxşı oynaya biləcəyimi söyləyən insanları başa düşəcək qədər ağıllıyam. Lakin hər şeyin həddi var, hamımız insanıq, mənim ailəm var.
Məndən soruşurlar ki, bu hadisələr sənə təsir edirmi? Xarakterimə görə deyirəm ki, çox təsir etmir. Amma bomba təhlükəsi… Bu, artıq ailəmlə bağlıdır. Mən bir şeyə görə sevinirəm ki, uşaqlarımın bu olanlardan xəbəri yoxdur”.
Bir müddət əvvəl Maquayr nişanlısı və iki uşağı ilə birlikdə yaşadığı evdə partlayışın baş verə biləcəyi bildirilən elektron məktub alıb. “Mançester Yunayted”in futbolçusu kömək üçün polisə müraciət edib. Polislər itlərin köməyi ilə evdə axtarış aparsalar da, heç nə tapa bilməyiblər.