Qazaxıstanın Almatı şəhərində güləş üzrə Bolat Turlıxanov kubokuna start verilib.
Futbolinfo.az xəbər verir ki, ilin 2-ci reytinq turniri sayılan bu yarışda ölkəmizi qadın güləşçilər təmsil edir.
Baş məşqçi əvəzi Rövşən Umudovun və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Türkan Nəsirova, Şəhanə Nəzərova (hər ikisi 50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Jalə Əliyeva (59 kq) və Elis Manolova (65 kq) mübarizə aparacaq.
Yarışın proqramına əsasən, güləşçilərimiz iyunun 4-də xalça üzərinə çıxacaq. 50 kq-da mübarizəyə 1/4 finaldan start veriləcək. Türkan Nəsirova monqolustanlı dünya üçüncüsü Namuuntsetseq Tsoq-Oçirlə, Şəhanə Nəzərova isə qazaxıstanlı Aygül Nuralimlə qarşılaşacaq. Tatyana Varansova (53 kq) təsnifat mərhələsində Asiya çempionatının 2 qat bürünc medalçısı Aktenqe Keunimjaevayla, bu çəkidəki digər təmsilçimiz Leyla Qurbanova isə 1/4 finalda 23 yaşadək güləşçilər arasında dünya ikincisi Puca Gehlotla (Hindistan) üz-üzə gələcək. 59 və 65 kq-da iştirakçılar əvvəlcə qrup mərhələsində mübarizə aparacaq. Jalə Əliyeva Tsoqzolmaa Dorjsuren (Monqolustan), Ayşən İsmagülova (Qazaxıstan) və Difuzə Aimbetovayla (Özbəkistan), Elis Manolova isə Manişa Manişa (Hindistan), Dinora Rüstəmova (Özbəkistan) və Qazaxıstanın titullu güləşçisi Yelena Şaliginayla eyni qrupda yer alıb.
İyunun 5-dək davam edəcək reytinq turnirində 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyur.