Futbol üzrə Qazaxıstan millisinin baş məşqçisi Məhəmməd Adiyev UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“İyunda 4 qarşılaşma keçirəcəyik. Bu səbəbdən, gücümüzü bölməyə çalışacağıq. İlk görüşümüz Azərbaycan seçməsinə qarşı olacaq. Əlimizdə olan futbolçularla kifayətlənəcəyik. Artıq heyətə başqa kimlərisə dəvət etməyəcəm. Bu oyunçularla qarşıdakı 4 matçda mübarizə aparacağıq.
Azərbaycan yığması kifayət qədər layiqli rəqibdir. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. Rəqibin necə oyun göstərəcəyi də çox önəmlidir”.
Adiyev sabahkı görüşdə balanslı oyuna üstünlük verəcəklərini söyləyib: “İspaniyanın “Real” və İngiltərənin “Liverpul” komandaları arasındakı UEFA Çempionlar Liqasının final matçını nümunə göstərə bilərəm. Hücum futbolu oynayaraq 0:5 hesabı ilə məğlub ola bilərsən. Amma balanslaşdırılmış futbol sərgiləyərək, qalib gəlmək mümkündür. “Liverpul” – “Real” matçı bunun bariz nümunəsidir”.
İyunun 3-də “Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.