Elxan Məmmədov Azərbaycan futbolundan əl çəkmək istəmir. FIFA-ya təyinatından sonra AFFA-da icraçı vitse-prezidentlikdən gedən bu şəxs, yenə də əsas idarəçi olmağa davam edir. Ölkə futbolunu sabiq müavini olan baş katib Sərxan Hacıyevin vasitəsi ilə nəzarətində saxlayan Məmmədov, bütün mühüm qərarlarda əsas söz sahibidi.
U-21-in baş məşqçisi Milan Obradoviçin ardınca AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxliklə də yolların ayrılması qərara alındı. Müqaviləsi bitən bu əcnəbilərlə yeni anlaşmaların imzalanmaması faydasız legionerlərlə bağlı uğursuz siyasətin başa çatacağını düşünməyə əsas verirdi. Çünki digər yığmamzda çalışan Miloş Velebit və əsas komandanın baş məşqçisi Canni de Byazinin də yola salınacağı ilə bağlı xəbərlər var. Amma…
…amma Məmmədov indiyə qədər işləmiş, heç bir faydasını görmədiyimiz əcnəbilərlə bağlı hesabat vermək lazım olduğu bir vaxtda səhvi səhvlə yumağa cəhd edir. Belə ki, o, Stuxlikə xələfi də xaricdən tapıb. Yeni həftənin ilk günlərində Hakimlər Komitəsinin yeni sədri Azərbaycana gələcək.
AFFA Stuxliki italiyalı ilə əvəz etməyə qərar verib. Yeni sədrin adını dəqiqləşdirə bilməsək də, de Byazinin həmyerlisi olduğunu öyrəndik. Onunla 2 illik müqavilə bağlanması planlaşdırılır.
Məmmədov vəzifə səlahiyyətlərini aşaraq bu təyinatda israrlıdı. O, rəsmi danışıqları yekunlaşdırıb, AFFA prezidenti Rövnəq Abdullayevin və digər himayədarlarının razılığını alıb. İndi qalır italiyalını Sərxan Hacıyevin tapıntısı kimi sırıyaraq futbolumuza calaq etmək…
Təyinat hələ rəsmiləşməyib. Xəbəri indidən ictimailəşdirməklə AFFA-da islahatda maraqlı olan qüvvələri ayıltmaq istəyirik. Azərbaycan futboluna Elxan Məmmədovun daha bir bacarıqsız kadrının ayaq açmasına imkan vermək olmaz.