İsrailin “Hapoel” (Beer-Şeva) klubu “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin transferində israrlıdır.
Futbolinfo.az İsrail mətbuatına istinadən xəbər verir ki, ön xətdə bir neçə oyunçu ilə danışıq aparan “Hapoel” rəhbərliyi üçün prioritet məhz “Qarabağ”ın braziliyalı hücumameyilli futbolçusudur.
Beer-Şeva klubunun 400 min avroluq ilk təklifi qəbul edilməyib. Xəbərdə bildirilir ki, İsrail klubunda keçidin həllinə inanırlar:
“Qarabağ” aparıcı futbolçusunun transferi üçün yüksək məbləğ tələb edir. Amma Azərbaycan təmsilçisi Kadinin müqaviləsinin gələn ilin yayına qədər olduğunu da başa düşür. Futbolçu klubu ilə yeni sözləşmə bağlamasa, 2023-cü ilin yayında azad agent kimi oranı tərk edəcək. Buna görə də, “Qarabağ” əsas ulduzlarından biri olan Borgesi bu yay sata bilər”.
Bununla belə, “Hapoel” rəhbərliyi Borgesin transferi məsələsində çox vaxt itirməyəcək. Danışıqlar yaxın müddətdə müsbət nəticə verməsə, Beer-Şeva təmsilçisi başqa variantlara yönələcək.
Borges ötən mövsüm 12 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. Onun “Qarabağ”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.