“Neftçi”nin müdafiəçisi Voyislav Stankoviçin futbolinfo.az saytına müsahibəsi
- Yeni baş məşqçi ilə təlim-məşq toplanışınız necə gedir?
- Hər şey qaydasındadır. Davam edirik və ciddi şəkildə hazırlaşırıq.
- Laurentsiu Regekampf haqqında ilk düşüncələrin nədir və onun gəlişinə münasibətin necədir?
- Bəli, yeni baş məşqçimiz gəlib. Hər bir baş məşqçinin öz fəlsəfəsi var. Tez bir zamanda yeni baş məşqçinin oyun stilinə adaptasiya olmalıyıq. Düşünürəm ki, hər şey bizdə alınacaq.
- “Neftçi” Konfrans Liqasında Kiprin “Aris” klubu ilə qarşılaşacaq. Rəqibi necə dəyərləndirirsən?
- “Aris”ə gəldikdə, onlar haqda məlumatım yoxdu. Düşünürəm ki, bizim şansımız var.
- Komandanın baş məşqçisi gec bəlli oldu. Transferlər gecikdi. Bu Konfrans Liqasında oyunlarınıza təsir etməyəcək?
- Sadəcə olaraq, yaxşı hazırlaşmaq və komandanı da gücləndirmək lazımdı. Önəmli olan da ilk oyunda yaxşı oynamaqdı.
- Sabiq komanda yoldaşın Baqaliy Dabo bildirib ki, “Neftçi” üçün çox çətin olacaq. Çünki “Aris” təhlükəli komandadır və Konfrans Liqasında ən azı pley-off-u hədəfləyib. Onunla hansısa danışğınız olub?
- Bu futbolçunu yaxşı tanıyıram. Biz də yaxşı hazırlaşırıq ki, avrokuboklarda hər şey yaxşı olsun. Hansı transferlər daha gələcək…Ümidvaram ki, nəhayət bizdə hər şey istədiyimiz kimi olacaq. Yaxşı futbol oynamaq istəyirik.
- Azarkeşlər nəhayət ki, komandadan uğur gözləyir. Təcrübəli oyunçu kimi onlara hansı sözü verə bilərsən?
- Azarkeşlərimizə deyə bilərəm ki, hər zamanki kimi meydana maksimumu verək. Yeni futbolçular, yeni baş məşqçimiz var. Zaman lazımdı. Amma inanıram ki, biz dərhal elə azarkeşlərimizi sevindirəcəyik. Ümidvaram ki, burada “Aris”lə cavab oyununda uğurlu nəticə olacaq və biz azarkeşlərimizlə birlikdə qələbəmizi qeyd edib, növbəti mərhələyə adlayacağıq. Bizə hər zamanki kimi böyük dəstək lazımdı. Necə ki, hər zaman gəlib dəstək olurlar komandaya. Biz də çalışacağıq ki, yaxşı oyun göstərib, sevindirək onları.
FƏRİD