“Hazırlığımız davam edir və hər şey yaxşıdır. Özümü burada evdəki kimi hiss edirəm. Bu komandada dostlarım var və hər şey qaydasındadır”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yeni transferi Felipe Santos deyib.
Braziliyalı oyunçu əyalət klubuna keçidindən danışıb: “Qəbələ”ni yaxşı tanıyırdım. Çünki çempionatda onlara qarşı oynamışdım. Bu səbəbdən təklif olduğu zaman danışdıq və anlaşdıq. Fikrimcə, yaxşı komandaya gəlmişəm və burada uğurlar qazana biləcəyik”.
Santos “Qəbələ”nin UEFA Konfrans Liqasında rəqibi olan Macarıstan təmsilçisi “Fehervar”dan söz açıb: “Bizim üçün çətin olacaq. Lakin iki oyundan ibarət mərhələ bizi gözləyir. Düşünürəm ki, bu matçlardan qalib ayrıla bilərik. Bütün fikrimiz bu yöndədir. Düşüncələrimiz odur ki, hazırlaşıb qalib gələk və mərhələ adlayaq. Bunun üçün əlimizdən gələni edəcəyik”.
“Sambaçı” sabiq komandası “Şamaxı”nın vəziyyətinə də toxunub: “Mən “Şamaxı”nın bu durumuna görə üzülürəm. Firkimcə, futbolda ciddi insanlara ehtiyac var. Hansı ki, klubu sevən adamlar çalışmalıdır. “Şamaxı”da maddi baxımdan problem olmayıb. Bütün maaşımı almışam”.
Qeyd edək ki, Felipe Santos bir neçə gün öncə “Qəbələ”yə transfer olunub.