Macarıstanın “Fehervar” komandasınn baş məşqçisi Mixael Boris Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri oyunlardan danışıb.
Futbolinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında bunları söyləyib:
“İlk hədəfimiz Azərbaycan təmsilçisini məğlub etməkdir. Hələlik bundan uzağa baxmağa dəyməz. Bu rəqibi məğlub edənədək növbəti mərhələdəki komandaların keyfiyyətindən danışmaq ayıbdır”.
Baş məşqçi iyulun 21-dək klub nümayəndələrindən birinin “qırmızı-qaralar”ı təhlil etmək üçün səfərə yollanacağını söyləyib: “Komanda oyunu göstərsək və heyətə xas keyfiyyət ortaya qoysaq, qalib gələcəyik. “Qəbələ”yə qarşı meydana hansı heyəti buraxacağımı indidən deyə bilmərəm. Çünki milli komandalarda çıxış edən futbolçular düşərgəmizə yeni qoşulublar. Buna görə də, oyunçuların fiziki durumları bir-birindən fərqlidir. “Qəbələ” ilə qarşılaşmanın heyətini formalaşdırmaq üçün üç həftə vaxtımız var”.
Xatırladaq ki, “Qəbələ” “Fehervar”a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.