Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Sloveniyanın “Olimpiya” (Lyublyana) klubundan istefaya göndərilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
53 yaşlı məşqçi komandasının Avropa Konfrans Liqasındakı oyununa 6 gün qalmış qovulub. Onunla birlikdə idman direktoru Mladen Rudonja da klubu tərk edib.
Xorvatiyalı mütəxəssisin qovulmasına səbəb klubun fəlsəfəsinə və dəyərlərinə hörmət etməməsi göstərilib. Onun təlim-məşq toplanışı zamanı gecə yarısına kimi spirtli içki içdiyi, siqaret çəkdiyi, kart oynadığı və komandanı vaxtında məşqə çıxarmadığı iddia edilib.
Sloveniya mətbuatı xorvatiyalı mütəxəssisin klub rəhbərliyi ilə də yola getmədiyini yazıb. Klub prezidenti Adam Delius isə keçirdiyi mətbuat konfransında Prosineçkinin bəzi futbolçuların alınmayacağı təqdirdə vəzifəsindən gedəcəyini dediyini, U-16 və U-17 komandalarının ən yaxşı oyunçularını belə tanımadığını bildirib.
Prosineçki isə azarkeşlərin də iştirak etdiyi mətbuat konfransında klub rəhbərliyini fırıldaqçılıqda ittiham edib: “Mən çox yerdə işləmişəm. Ancaq heç vaxt belə yalançı və fırıldaqçılar görməmişəm. Belə adamların klub idarə etməsi absurddur”.
Robert Prosineçki 3 ay əvvəl “Olimpiya”nın baş məşqçisi təyin edilmişdi və onunla 1.5 illik müqavilə imzalanmışdı. O, 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.