Qızınmadıq istisinə, kor olduq tüstüsünə. Futbol üzrə Azərbaycan millisinə təpədən dırnağa qədər yraşan misaldı. Hansısa ölkələr milli komandaları sayəsində dünyada böyük nüfuz, imic qazanırsa, bizim yığma azarkeşlərimizə saç-baş yoldurmaqdan başqa heç nə etmir.

İndiki durumla sabaha ümid yoxdur, keçmişə isə heç boylanmağa dəyməz.

30 illik müstəqillik tariximizdə millimizin keçdiyi yolu rəqəmlərlə xatırlayacağıq. Daha doğrusu, millimizi çalışdıran məşqçiləri bir yerə toplayıb “çıxdaş” etməyə başlayacağıq. Yəni, adını çəkəciyimiz bir məşqçi yığmanı qəbul edəndə reytinqdə neçənci yerdəydik, o gedəndən sonra hansı yerə yüksəlmişik və yaxud enmişik. Təbii ki, yüksəliş deyəndə “qısa məsafəli uçuşlardan”, eniş deyəndə “guppultu ilə yerə çırpılmaqdan” söz açağıq.

Bəri başdan qeyd edək ki, millimiz ilk oyununu 1992-ci ilin sentyabrın 17-də yoldaşlıq görüşü çərçivəsində Gürcüstan yığmasına qarşı keçirsə də, FIFA-nın reytinqinə 1994-cü ilin iyununda düşüb.  Ona görə də, 1992-ci ilin sentyabrında millinin “sükanı arxasına” keçən Əhməd Ələsgərovdan başlayaraq, yolda Ələkbər Məmmədovu ötürərək Ağasəlim Mircavodova qədər uzanan dönəm haqqında danışmaq istəmirik. Konkret reytinqdən söhbət gedirsə, bu müddət ərzində onların fəaliyyətləri “şifahi xalq ədəbiyyatı” nümunəsinə daxildir.

Amma Mircavadovun dövründə, millimiz AÇ-1996-nın seçmə mərhələsində mübarizə apararkən FIFA komandamızın oyunlarını nəzərə alaraq siyahıya daxil etdi. Yuxarıda da qeyd etdiyimiz kimi, Mircavadov yığmanı FIFA-nın reytinqində 170-ci pillədə qəbul edib. 1995-ci ilin sentyabrında isə Ağasəlim bəy onu 150-ci yerdə qoyub gedib. Belə baxanda, seçmə mərhələdə Mircavadov bütün oyunları uduzdu. Yalnız yoldaşlıq görüşündə Moldovanı 2:1 hesabıyla məğlub etmişik ki, buna görə də reytinqdə birbaşa 20 pillə irəliləmək göydəndüşmə hədiyyədir.

1995-ci ilin sentyabrından millini Mircavadovdan təhvil alan Kazbek Tuayev ona seçmə mərhələdə yeganə  xalı qazandıra bildi. O vaxt Trabzonda oynayan yığma Polşa seçməsi ilə 0:0 hesablı heç-heçə etdi. 1996-cı ilin dekabrına qədər bu postda qalan Tuayev millini 125-ci yerə yüksəltdi. Doğrudur, DÇ-1998-in seçmə mərhələsində Kazbek Əliyeviçin yetirmələri keçirdiyi 3 oyunda quru hesabla məğlub oldu. Amma yoldaşlıq görüşlərində öz babımız olan komandalarla qələbə və heç-heçə ilə başımızı aldada bildik.

1997-ci ilin yanvarından 1999-cu ilin martına qədər yığmanın “sükanı arxasında” olan Vaqid Sadıqov isə onu 111-ci yerə qaldırdı. Yenə də dadımıza yoldaşlıq görüşləri və hansısa kiçik turnirlər çatırdı. Yəni, çox da öyünməyək, Sadıqovun başçılığı altında səfərdə Lixtenşteynə 1:2 hesabı ilə məğlub olub bu rəqibinə tarixində ilk rəsmi oyunda qələbə sevinci yaşadan komanda olmuşuq.

1999-cu ilin martından ilin sonuna qədər millini yenidən himayəsinə götürən Əhməd Ələsgərovla isə seçmə mərhələdə lixtenşteynliləri Bakıda 4:0 hesabıyla məğlub etdik, daha sonra Ruy Koştalı və Fiqulu Portuqaliyadan doğma meydanda xal da götürdük. Hətta az qala bu oyundan 3 xal da qopacaqdıq.  Hərçənd bir qədər əvvəl Ələsgərovla Gimaraynşda bu rəqibə 0:7 hesabı ilə darmadağın da olunmuşduq. Hər nə isə, mərhum məşqçi ilin son ayında millini 97-ci yerdə təhvil verib getdi.

Növbəti il 6 ay komandanı çalışdıran Əsgər Abdullayev isə komandanı 106-cı yerə endirdi. Amma bu müddət ərzində milli cəmi 4 yoldaşlıq oyunu keçirdi. Estafeti qəbul edən İqor Ponomaryov isə 2001-ci ilin oktyabrına qədər quyunu bir qədər dərin qazıb onu 117-ci yerə atdı. Baxmayaraq ki, seçmə mərhələdə onun başçılığı altında Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya yığmasını məğlub edərək DÇ-2002-yə gedən yolda rəqibə badalaq vurduq.

Bir aylıq Kazbek Tuayev macərasından sonra Vaqif Sadıqov dekabra qədər yenidən yığmanı çalışdırdı və komandanı 111-ci yerə qaldırdı. 2002-2004-cü illər aralığında yığmamız Əsgər Abdullayevin nəzarətinə keçdi. AFFA-da hakimiyyət dəyişikliyinə yol açan illərdə komandir Əsgərin “əsgər addımları” heç də pis alınmadı. AÇ-2004-ün seçmə mərhələsində Serbiya və Çernoqoriyadan 4 xal qoparmağımız nəyə desəniz dəyər. 2004-cü ilin oktyabrında vəzifəsindən gedən Abdullayev komandanı 114-cü yerə saldı. Amma unutmayaq ki, bu müddət ərzində 104-cü yerə qədər də qalxmışdıq.

Abdullayevdən sonra AFFA-da yeni hakimiyyət əcnəbi məşqçi siyasətini tətbiq etməyə başladı. Ramiz Mirzəyevin dövründə milliyə DÇ-1970-də Braziliya millisinin kapitanı olan Karlos Alberto Torres gətirildi. 2004-cü ilin fevralından növbəti ilin iyununa qədər komandamızı çalışdıran braziliyalı mütəxəssis yaddaşlarda Varşavada Polşaya 0:8 hesablı darmadağınla qaldı. Amma yoldaşlıq görüşlərində onun başçılığı altında heç də pis çıxış etmədik. 2004-cü ilin iyununda Torres komandanı 112-ci yerdə qoyub getdi. Yəni, təxminən qəbul etdiyi kimi…

Sonradan noyabra qədər yığmanı Vaqif Sadıqov yenidən qanadlarına aldı ki, onun da başçılığı altında Bakıda Avstriya millisi ilə qolsuz bərabərliyi xüsusi qeyd edə bilərik. Seçmə mərhələnin gedişində reytinqdə bir neçə pillə geriləsə də, Sadıqov komandanı götürdüyü yerdə qoyub getdi – 114.

2005-ci ilin dekabrından 2007-ci ilin oktyabrına qədər millimizi çalışdıran Şahin Diniyevi isə daha çox Finlandiya seçməsi üzərində qələbə ilə xatırlayırıq. Bu müddət ərzində millimiz 130-cü yerə qədər düşüb 103-cü pilləyə qədər qalxsa da, Diniyev onu 116-cı yerdə təhvil verdi. Şahin bəydən sonra komandanı 3 ay ərzində makedoniyalı mütəxəssis Qyoko Haciyevski çalışdırdı. Nəticədə 122-ci pilləyə qədər yuvarlanma…

Nazim Süleymanovun bir aylıq macərasından sonra isə yığma 6 il ərzində Berti Foqtsa həvalə edildi. Rövnəq Abdullayev və Elxan Məmmədovun geninə-boluna kreditlərindən istifadə edən Foqts bu müddət ərzində AÇ-2012-nin seçmə mərhələsində millimizə 9 xal qazandırdı. 2014-cü ilin oktyabrına qədər burada çalışan, Almaniya yığmasına AÇ-1996-nı qazandıran məşqçi ilə reytinqdə bir qədər yükslişə keçdik. Hər halda, reytinq rekordumuz da ona məxsusdur: 2014-cü ilin iyul və avqustu – 73-cü yer! Amma Foqtsa qapını göstərəndə, yəni həmin ilin oktyabrında millimiz 126-cı pilləyə yuvarlanmışdı.

Millini bir aylıq qəbul edən Mahmud Qurbanovdan sonra isə onu dekabr ayında Robert Prosineçki 135-ci yerdən götürdü. 3 il bu komandanı çalışdıran xorvatiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsində bizə 10 xallıq rekord qazandırdı. Onun başçılığı altında milli 2017-ci ilin avqustunda hətta 79-cu yerə qədər qalxdı. Amma Robert ilin sonunda komandanı 117-ci yerdə qoyub yola düşdü.

AFFA-nın 9 illik əcnəbi sevdasından sonra 2017-ci ilin dekabrında yığma “Qarabağ”ın uğurlarının memarı Qurban Qurbanova təhvil verildi. Millətlər Liqasında Farer adalarından 6, Maltadan 2, Kosovodan isə 1 xal qoparan Qurbanova Elxan Məmmədov düz bir il şans verdi. 9 xalla qrupda ikinci yeri tutub pley-offa vəsiqə qazana bilməməyimiz federasiyanı qane etməyincə Qurbanovla vidalaşdılar. Komandanı 117-ci yerdə qəbul edən Qurban bəy onu 107-ci yerə qaldırıb getdi.

Daha sonra düz bir il ərzində Nikola Yurçeviç komandamızı çalışdırdı. O isə millini 114-cü yerə salıb getdi. Və nəhayət, Canni De Byazi. Böyük ehtimalla ilin sonunda komandadan ayrılacaq italiyalı məşqçi ilə isə daha aşağı cərgələrdə dolaşırıq.  Onun antirekordu 129, hazırkı göstərici isə 128-dir.

Biz sizi rəqəmlərlə yorduqsa, milli də məğlubiyyətlərlə hamımızı yorub. Tunelin sonunda işığı axtarmaq əvəzinə qaranlıqda getməyə öyrəşmişik. Allah axırımızı xeyir eləsin…

ŞAHSUVAR

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp