Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” Poznanda “Lex”ə 0:1 hesabı ilə məğlub oldu. Əslində, çempionumuza ilk görüşdə böyük ümid bəsləsək də, bu məğlubiyyəti faciəvi nəticə kimi qələmə vermək doğru deyil. Özümüz də qəbul edirik ki, mümkün rəqiblər arasında “Lex” “Qarabağ” üçün ən çətini idi. Polşalılar Ağdam klubunu arzulamadığı kimi biz də poznanlıları özümüzə rəqib kimi görmək istəmirdik. Necə də olmasa, Polşa çempionudur.

Doğrudur, “Qarabağ” bu ölkənin klubları ilə bugünə qədər 3 dəfə qarşılaşıbsa, hər dəfə də mərhələ adlayan tərəf olub. Təkcə, 2 il bundan əvvəl Qurban Qurbanovun komandasının Varşavada “Legiya”ya 3 cavabsız topla od qoymasını yada salmaq kifayətdir. Amma o da var ki, “Lex” də bugünə qədər 4 dəfə klublarımızla qarşılaşıb və hər dəfə mərhələ adlayan tərəf olub. Hərçənd, Polşa klubunun rəqibləri arasında “Qarabağ” olmadığına görə, digər məğlubiyyətləri normal qarşılamaq lazımdır. Yenə də “Qarabağ” hər dəfə polşalıları adlayırsa, bu o demək deyildi ki, yeni rəqib bizə asan yem olacaqdı.

Oyun haqda dərin təhlil aparmağa o qədər də ehtiyac yoxdur. “Qarabağ”ın məğlubiyyətinin səbəblərini 7-dən 77-yə hamı bilir. Klubun problemləri göz önündədir. İndi hamını bir sual düşündürür. “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdıra biləcəkmi? Təbii ki, hamımız buna inanırıq və ya ən pis halda inanmaq istəyirik. Amma bunu necə bacarmalı? Əlbəttə, Qurban Qurbanov bu dəfə rəqibi daha yaxşı təhlil edib cavab oyununda müəyyən gedişlər edəcək.

Əvvəla, onu deyək ki, “Lex” çox istəklidir. Yəni, bu komandanı 2 il bundan əvvəl Varşavada darmadağın olunan “Legiya” ilə müqayisə etmək doğru olmazdı. Təbii ki, həmin “Legiya” daha təcrübəli komanda idi ki, bunu poznanlılara aid etmək doğru deyil. Bu mənada “Lex” bir qədər axsaya bilərdi.

Hamımız indiki məqamda “Qarabağ”ı Polşa klublarından üstün bilib onlara haradasa zəif gözü ilə baxırıq. 2 il bundan əvvəlki “Legiya” qan sovurmuş, yorulmuş və uçub getməyə gücü çatmayan bir “ağcaqanad” təsiri bağışlayırdı. “Köhlən atlar” onları bir zərbəylə qanına boyadı. Amma bu “Lex” ac, istəkli və zəhlətökən “ağcaqanad” təsiri bağışlayır. 100 illiyində çempion olan komanda bununla kifayətlənməyib avrokuboklarda daha irəli getməyi planlaşdırır. Ona görə də bu komandanın “Qarabağ”ın əsəbləri ilə oynayacağı gün kimi aydın idi. Belə də oldu.

Cavab matçında da bu özəllikləri sayəsində zəhlətökməyə çalışacaqlar. İlk oyunda qazanılan minimal hesablı qələbə “Lex”i daha da ruhlandıracaq. Təbii ki, Bakıda daha da qapanacaqlar. Onsuz da evdə də bunu edirdilər. Amma evdə bu harada qısaqapanma effekti verirdisə (müdafiədən hücuma ani keçib “Qarabağ”ın qapısına vurulan qol da bunun nəticəsi idi), Bakıda ümumiyyətlə ehiyatlı oynayacaqlar.

Amma hər hər nə qədər istəkli olsalar da, onların qapısına yol tapmaq mümkünsüz deyil. Baxmayaraq ki, “Qarabağ” ilk oyunda bunu bacarmadı. Artıq rəqibin gücünə bələd olan çempionumuz bu dəfə məğlubiyyətin gətirdiyi hirs sayəsində daha istəkli olmalıdır. İlk oyunda “Qarabağ”da məhz bu istək çatışmadı. Xüsusən də komandanın bəzi oyunçularında ötən mövsümdəki əzmkarlığı və həvəsi görmədik. Bu mənada Kadi Borgesi xüsusi “fərqləndirə” bilərik.

Onsuz da “Qarabağ” hər mövsümə belə başlayır. Sadəcə, bəxtimiz onda gətirirdi ki, ilk oyunlarda rəqiblər dişimizə uyğun olduğundan onları bəzən yarıgüclə adlamaq olurdu. Daha güclü rəqiblər çıxana qədər isə komanda formaya düşürdü. Bu dəfə isə yaman yerdə axşamladıq. İyulun 12-də axşam saat 20:00-da başlanacaq oyunda 90, bəlkə də 120 dəqiqə ərzində rəqibin ağ şamını söndürmək lazımdır. Polşalıların bircə qolluq üfürməsinin qarşılığını tufan qoparmaqla vermək lazımdır.

Niderlandlı yeni baş məşqçi Con den Bromun gəlişi ilə yeni libasa bürünən “Lex” kəskin hücumlara çıxması ilə diqqət çəkir. Poznanlıların gələcək vəd edən oyunçusu Yakub Kaminskinin 10 milyon avroya “Volfsburq”a transfer olunmasına bağmayaraq, Amaral və İshak kimi oyunçularla komanda yenə də qollarını sıralamaq iqtidarındadır. Doğrudur, hələ ki, məhsuldarlıq planında elə də fəallıqları ilə seçilmirlər. İstər hazırlıq görüşlərində, istərsə də “Qarabağ”la oyunda poznanlılar az qol vurub. Amma kəsərlilik planında heç də “az aşın duzu” deyillər.

4-4-1-1 taktiki düzülüşünə üstünlük verən komandanın əsas silahı cinah reydləridir. Sağda Mixal Skoras, solda Kristofer Veldenin cinah hücumlarının “Qarabağ”ın arxa xəttində problemlərə yol açdığını hamımız gördük. Amma poznanlılar 4 yarımmüdafiəçi ilə oynayan komandalardan fərqli olaraq, cinah hücumlarını asma ilə tamamlamağı sevmir. İki cinah yarımmüdafiəçisi ya cərimə meydançasının yaxınlığında yerlə kəskin ötürmələr edir, ya da cox irəliləmədən onu Amarala ötürür. Sonuncu da İshakı tapmağa çalışır. Qapımıza vurulan qolun “süjet xətti” də bunları təsdiqləyir. Ona görə də “Qarabağ” cavab oyununda belə həmlələrin qarşısını mütləq almalıdır.

Bütün bu sadalanan üstünlüklərə baxmayaraq, “Lex” ilk oyunda qorxulu komanda təsiri bağışlamadı. Bu komandanın müdafiə xəttində yetərincə böyük boşluqlar var. Xüsusən də “Qarabağ” rəqibə qarşı pressinq tətbiq edəndə özlərini itirirlər. Bunun nəticəsində xeyli top itkisinə də yol verdilər. Əsasən geriyə ötürmələrdə anlaşılmazlıqlar yaşanır, belə vəziyyətdə sanki təşvişə düşürlər. Təəssüf ki, “Qarabağ” Poznanda bu boşluqlardan istifadə bilmədi. Cavab oyununda Zubir və Kadi rəqibin cinahlarını daha effektli tar-mar edəcəyi halda vəziyyəti xeyrimizə dəyişmək olar.

Bizə ancaq ümid etmək qalır. Hər şey yaxşı olacaq, “Sürix”i gözləyirik!

ŞAHSUVAR

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp