Bəlkə də bu təyinata şans, imkan, fürsət kimi baxır. Amma özü də fərqində deyil ki, o, indi yanında dolaşanların heç birinə lazım deyil. Kimlərsə futbolda öz duruşu, xarakteri ilə fərqlənmiş, nüfuz sahibi olan Cavid Hüseynovdan, sadəcə, faydalanır. Bu gün Cavid ona daydaylıq edənlərə kölgəsində daldalanmaq üçün veteran futbolçu qismində lazımdı, sabah çətin məqamda ilk fürsətdəcə “ümidi doğrultmadı” damğasını vurub özlərinə bəraət qazanacaqlar.

Hüseynov hələ ki, duza gedir. Özü də fərqində deyil ki, onu qurbanlıq seçiblər. “Şamaxı” üzə çıxmağa belə cəsarət etməyən rəhbərliyinin idarəçilik bacarığı ilə biabırçılığa, uğursuzluğa məhkumdu. Təcrübəsiz Cavid məğlubiyyətləri sıralayan kimi – indiki vəziyyətdə başqa variant mümkün deyil – onun adı ön plana çıxacaq, tənqidlər ona yönələcək və qurmaq istədiyi parlaq karyera debütdəcə korlanacaq.

Hüseynov vəzifənin şirinliyinə aldanır, potensialını nəzərə almadan layiq olmadığı təyinata razılaşır. Halbuki tez alışanın tez sönəcəyinin fərqində deyil, eqosuna hakim ola bilmir və sanki özünü sübut etmək üçün acığa düşüb. Bir neçə ay sonra peşman olanda bu sətirləri mütləq xatırlayacaq.

Cavid artıq indidən lağlağı obyekti olub, baş məşqçisi olan komandaya məşq keçdiyi üçün haqqında lətifələr danışılır, montaj edilmiş fotolar hazırlanır. Rüstəm Əliyev də sıradan biridi, Zaur Axundovun şişirtdiyi uşaq məşqçisidi, Premyer Liqa səviyyəsində klubda işləyəcək adam deyil, amma rəsmən “Şamaxı”nın baş məşqçisidi. O istefaya göndərilmədən futbolçuları başına toplayıb məşqə çıxarmaq Hüseynovun ilk növbədə özünə hörmətsizliyidi. Bir anlıq özünü Əliyevin, Əliyevi də öz yerinə qoysun – görəsən, ona qarşı belə etsəydilər nə düşünərdi?

Bu, hələ təyinataqədərki anormallıqdı, sabah daha gözəl “lövhələr” onu izləyəcək. B kateqoriyalı məşqçi Əsasnaməyə zidd olaraq Premyer Liqada oyunlara çıxacaq, baş məşqçi kimi isə PRO kateqoriyalı qadın məşqçisinin adı protokola yazılacaq. Futbolçu kimi böyük hörmət qazanan Hüseynov özünə bu qədər hörmətsizliyi necə rəva bilir? Axı, 5-6 turdan sonra “Şamaxı”dan qovulanda kimsə ona iş verməyəcək, öncə A kateqoriyasına, sonra PRO-ya sahib olacağı zamanı gözləyəcəklər.

“Şamaxı”nın dünənki bəyanatı da göstərdi ki, klubun yeni rəhbərliyinə baxıb əvvəlkilərə rəhmət oxuyacağıq. Klub aylar öncə adını dəyişib, amma iki gün öncə sənədləşmə işləri yekunlaşıb. Bir həftə sonra yeni mövsümün püşkü atılır, “Şamaxı” isə yalnız kağız üzərində mövcuddu. Bəlkə də Hüseynov hələ də həvəskar “Cəbrayıl”ın ab-havasındadı, lakin Premyer Liqa peşəkarların yeridi, B kateqoriyası ilə PRO-lunun kürsüsündə oturan həvəskarların yox.

Vəzifə eşqi ilə doğma “Cəbrayıl”a bir günün içində arxa çevirən Hüseynovun “Şamaxı”da hətta 2023-cü ili görməyəcəyinə əminəm. O zaman Elxan Məmmədov da olmayacaq, digər daydayı Cahangir Həsənzadə də. Və tənha qalan Cavid hər şeyə sıfırdan başlamağa məcbur olacaq. Futbol amansız oyundu, onu oynayanları mükafatlandırır, onunla oynayanları isə bağışlamır. Hələ gec deyil…

FƏRİD

292219248 1147709089138779 3537730477476233800 n - Futbolinfo.az
292078338 1222659088506068 6493163876794119649 n 1 - Futbolinfo.az
292077164 3772880706169438 7421504694510563543 n - Futbolinfo.az
Shares: