Bu yay klublarımız İsrail bazarında çox fəaldı. Artıq 3 futbolçu ölkəmizi avrokubokda təmsil edəcək komandalarımızla rəsmi müqavilə bağlayıb. “Neftçi”nin 2, “Qəbələ”nin 1 “Aşdod” futbolçusunu transfer etməsi isə daha çox diqqət çəkir.

 

Sözügedən futbolçularla bağlı məlumat almaq üçün israilli jurnalist Yaniv Tuchmanla danışdıq. Həmkarımız futbolinfo.az saytına müsahibəsində Azərbaycana gələn futbolçuları dəyərləndirdi və bu “köç”ün səbəblərini açıqladı.

 

– Azərbaycana “Aşdod”dan 3 futbolçu gəldi. Onların ölkəmizə kütləvi köçü bir qədər qəribə görünür.

– Onları bir-bir təhlil edək. Kenni Sayef yaxşı futbolçudur, karyerası da yaxşıdır. İsraildə daim yüksək səviyyəli klublarda oynamaq istəyirdi. Lakin burada özünə yaxşı klub tapa bilmədi. Fikrimcə, “Neftçi”dən illik maaşı 200 min avrodan yuxarı olaraq təklif aldı. O, ötən il “Aşdod”da çıxış etdi. Bəzən yaxşı idi, bəzən istənilən səviyyədə olmadı. Ehtiyat oyunçulr skamyasında otururdu. Belçikada, Polşada və Avropada çıxış edib. O düşündü ki, Bakı gözəl şəhərdir, Azərbaycanda yaxşı pul da var. Sonda “Neftçi”yə gəlməyə qərar verdi.

Ataa Caberə gəlincə, o, “Aşdod”da aşağı məbləğə oynayırdı. Bu komanda İsraildə elə də yüksək səviyyəli komanda sayılmır. Ona görə də Ataa onlarla davam etməməyə qərar verdi. O gənc olarkən Hayfa “Makkabi”sində çıxış edib. İsraildə mövqeyinin ən yaxşılarından sayıla bilər. O, daha yaxşı klub üçün “Makkabi”ni tərk etdi. “Hapoel” (Ber-Şeva) onu aldı. Bu proseslərdə Caber böyük klublardan kənarda qaldı. Ona görə “Neftçi”yə gəlməyə qərar verdi.

Abu Akal “Aşdod”a ikinci liqadan gəlmişdi və özünü burada sübut etsə də, yeni müqavilə imzalanmadı. Fikrimcə, o, “Qəbələ”dən maksimum ilinə 100 min dollar alacaq. Yaxşı oyunçudur.

 

– Onlar ölkəmizdə nə qədər uğurlu ola bilər?

– Hər üçü uğurlu oyun göstərə bilərlər. Çünki burada heç də pis çıxış etmirdilər. Azərbaycanda uğurlu olmaları mümkündü.

 

– Amma dediklərindən belə anlaşıldı ki, üçü də Azərbaycanı pula görə seçib…

– Yox, belə demək istəmirəm. Xüsusən Ataa Caber çox yaxşı oyunçudur. 10 il İsraildə stabil çıxış etdi. O, Avropanın yaxşı klublarında oynaya bilərdi, amma alınmadı. Onun agenti (hansı ki, hər 3 oyunçunun agentidir) Dudu Dahanın Avropada əla əlaqələri var, “Seltik”, “Anderlext” kimi klublarla işləyir. İnanıram ki, o, Azərbaycan futbolunu bəyənib, ona görə də bu futbolçuları ora göndərib. Əslində, onları Polşa çempionatına da apara bilərdi. Azərbaycana gələn futbolçular superulduz deyillər, hücumçu deyillər, 10 nömrə deyillər, amma hamısı yaxşı oyunçulardı.

 

– Son olaraq Konfrans Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Zirə” oyunu barədə fikirlərin necədir?

– Bu oyun həm də İsrail və Azərbaycan çempionatının səviyyəsini göstərəcək, “Zirə”nin hansı keyfiyyətlərə malik olduğunu ortaya qoyacaq.

 

ABBAS

9QH - Futbolinfo.az
Shares: