İyulun 7-də həm DÇ-2024-un Avropa zonası üzrə əsas, həm də UEFA Çempionlar Liqasının 2022/23-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, millimiz 6-cı qrupda Yunanıstan və Polşa ilə üz-üzə gələcək. “Araz-Naxçıvan” isə “Mostar”, eləcə də D və F qrupunun qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Püşklə bağlı həm millinin, həm də “Araz-Naxçıvan”ın üzvü İsa Atayev federasiyanın rəsmi saytına açıqlama verib. Hücumçu əvvəlcə millinin rəqiblərini dəyərləndirib:
“Əvvəlcə hər kəsi Qurban bayramı münasibəti ilə təbrik edirəm. Allah kəsilən qurbanları, edilən duaları qəbul eləsin. Millinin yer aldğı qrupdakı rəqiblərimizə gəldikdə, Yunanıstanı daha yaxşı tanıyırıq. Çünki bu komanda ilə ötən il iki dəfə üz-üzə gəlmişik. İlk matçda iştirak etməsəm də, Bakıdakı dueldə meydana çıxmışdım. Hətta bir qol da vurdum. Yəni onları yaxşı tanıyırıq. Əlbəttə, rəqibimiz də bizi yaxşı tanıyır. İki il əvvəl isə Yunanıstanın AEK klubu ilə üz-üzə gəlmişdik. Polşaya qarşı isə oynamamışam. Daha doğrusu, son illərdə onlarla yolumuz kəsişməyib. Amma inkişafda olduqları aydındır. Çünki bu komanda son 2 Avropa çempionatının final mərhələsində iştirak edib. Deməli, zəif deyillər. Məncə, qrupu birinci pillədə başa vurmaq şansımız 100-ün 80-nədir”.
Atayev üzvü olduğu “Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasındakı çıxışı barədə də fikrini bölüşüb: “Hələ ki, bir rəqibimiz dəqiq bilinir. Digər iki komandanın kimliyinə gələn ayın sonunda aydınlıq gətiriləcək. Hər halda, zəif komandalar olmayacaq. Bu dəfə hazırlaşmaq üçün vaxtımız çox olacaq. Yenə başlayacağıq fiziki hazırlıqdan, daha sonra topla taktiki məşqlər keçəcəyik. Heyətimiz də gücləndiriləcək. Bilirəm ki, komandamıza bir neçə yeni futzalçı qoşulacaq. Hansı ki, onlar da bizə kömək edəcək gücdə olacaqlar. Bu qrupdan ancaq bir komanda elit-raunda yüksələcək. İnanıram ki, həmin komanda da biz olacağıq. Məqsədimiz həm milli, həm də klub səviyyəsində uğur qazanmaq, azarkeşlərimizi sevindirməkdir. Bacaracağımıza inanıram”.