“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadənin futbolinfo.az saytına müsahibəsi

– “Kəpəz” yenidən elitaya qayıdır. Gəncədə bu ab-hava artıq hiss olunur?

– Əlbəttə ki, hiss olunur. Azarkeşlər müsbət əhval-ruhiyyədədirlər, komandanın oyunlarını səbirsizliklə gözləyirlər. Düzü, onlarla görüşməyə hələ imkanımız olmayıb. Gəncədə məşq edəndə az sayda da olsa, izləməyə gəlirdilər. Gəncəyə qayıtdıqdan sonra yeni mövsümün startından əvvəl onlarla görüşümüz olacaq.

– Komandada vəziyyət necədir? Gəncə və Bakı toplanışlarında nə qədər irəliləyişə nail ola bilmisiniz?

– Toplanışın ilk 10 gününü Gəncədə keçirdik, hazırlığın birinci mərhələsi idi. Yeni transferlər də olmamışdı. Amma transferlərimiz, xüsusən də, əcnəbilər Bakı toplanışında bizə qoşuldular. Gündə iki dəfə məşq edirik. Əsasən səhərlər fiziki hazırlıq keçirik. Axşam da texniki-taktiki gedişlər üzərində işləyirik. Komandada vəziyyət yaxşıdır, uşaqlar verilən tapşırıqları yerinə yetirmək üçün maksimum dərəcədə çalışırlar.

– Elitada debüt edəcək komanda üçün 7 transfer az deyil?

– Heyətin komplektləşdirilməsi prosesi hələ davam edir. Danışıq apardığımız başqa oyunçular da var. Ola bilsin ki, yaxın vaxtlarda bizə qoşulsunlar. Baxışda olan futbolçular var, onları həm “Səbail”lə sabahkı (bugünkü – red.), həm də “Sumqayıt”la iyulun 14-dəki yoxlama görüşlərində sınayacağıq. Hələ daha bir neçə oyunçu baxış üçün gələcək.

– Bir ildən çoxdur futbolsuz olan Elvin Yunuszadənin Premyer Liqada sizə nə köməyi dəyə bilər?

– Elvinin oyun praktikası ilə bağlı problemi var idi. Yunuszadə, əslində, bizə çoxdan qoşulmuşdu. Hələ birinci divizionda oynayanda iki ay bizimlə birlikdə məşqlərdə iştirak etdi. Sonra qərara aldıq ki, heyətə cəlb edək. Üzərində işləyir, çox çalışır. Elvinin təcrübəsi Premyer Liqada bizə lazım olacaq.

– Əcnəbi transferində Gürcüstan bazarına üstünlük verməyinizin xüsusi səbəbi var?

– Elə xüsusi səbəbi yoxdur. Təkcə Gürcüstandan yox, başqa ölkələrdən də futbolçular var idi. Sadəcə, Giorgi Kantariya ilə Mate Kvirkviya diqqətimizi cəlb elədi, onlarla da müqavilə bağladıq. Ümumiyyətlə, gürcüstanlı futbolçuların Azərbaycan Premyer Liqasında oyunu yaxşı alınır. Qərarımızda bunun da rolu oldu. Həmçinin özümüz də ölkələrində keçirdikləri oyunları izləyib bəyəndik. Komandamıza uyğun olduqları üçün gətirdik.

– Hazırda baxışda neçə əcnəbi futbolçu var?

– Gürcüstanlı və nigeriyalı oyunçular bizimlə məşq edirlər. Yaxın günlərdə daha 1-2 oyunçu düşərgəyə qoşulmalıdır. Braziliyadan da bir futbolçu iyulun 12-də bura gəlməlidir.

– Çexiyanın “Viktoriya Jijkov” klubundan ayrılan Fərid Nəbiyevlə münasibətləri rəsmiləşdirmisiniz?

– Fəridlə birillik müqavilə imzalamışıq. Komanda ilə məşqlərdə iştirak edir. İstedadlı gənc oyunçudur. Hər halda, onun bizimlə birgə olması yaxşı haldır.

– Ümumiyyətlə, transfer fəaliyyətinizin bundan sonrakı dönəmi üçün planlarınız nələrdir?

– Daha 3 və ya 4 əcnəbi futbolçu transfer edə bilərik. Həmçinin danışıq apardığımız yerli oyunçular da var. Üstünlüyü yerlilərə verəcəyik. Açığı, yerli oyunçu da, demək olar ki, yoxdur, tapmaq çətindir.

– Yaşınız az olmasa da, etiraf edək ki, Premyer Liqa təcrübəniz o qədər də böyük deyil. Bu amil sizə problem yaratmayacaq?

– Premyer Liqa oyunları başlasın, ondan sonra görəcəyik. İstər təcrübəli, istərsə də təcrübəsiz məşqçi olsun, problem həmişə var. Hesab edirəm ki, bunlar normal haldır.

– Əksəriyyət “Kəpəz”i ididən autsayder sayır. Bu fikrə münasibətiniz necədir?

– Hələ çempionat başlasın, sonra fikir bildirsinlər. Havadan söz demək nə dərəcədə düzgündür, başa düşə bilmirəm. Mövsüm start götürsün, 2-3 tur keçsin. Məsələn, ötən mövsümə “Sumqayıt” ardıcıl iki qələbə ilə başladı, sonra komandada eniş oldu. Həmçinin heç kim “Qəbələ”dən belə uğurlu çıxış gözləmirdi. Görək oyunlar hansı axarda davam edəcək, ondan sonra fikir bildirmək olar. İndidən kimisə autsayder saymaq, kiməsə ortabab komanda gözü ilə baxmaq düzgün yanaşma deyil. İşin gedişi hər şeyi göstərəcək.

– Gəncəli azarkeşləri bir sual düşündürür: “Kəpəz” bu mövsüm iştirak xatirinə iştirak edəcək, yoxsa iddialı olacaq?

– Gəncədə Premyer Liqa ab-havası hər zaman olub, ora gələn qonaq komandalar bunu hiss ediblər. 12-ci oyunçunun dəstəyi bizə çox lazımdır. Bu dəstəyi onlardan gözləyirik. Azarkeşlərin stadionda yaratdıqları atmosfer istər-istəməz qonaq komandalara öz təsirini göstərəcək. Premyer Liqaya iştirak xatirinə qatılmırıq. Mübariz komanda formalaşdırmağa çalışırıq ki, oyunu, əzmkarlığı ilə çempionata rəng qatsın. Yeni qurulan komandadır, müəyyən çətinliklər var, vaxt lazımdır.

ABBAS

Shares: