Futbol üzrə Xorvatiya Super Kubokunun qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu – Zaqreb “Dinamo”su ilə Xorvatiya kubokunun qalibi olan Split “Hayduk”u üz-üzə gəlib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir”də baş tutan görüşün əsas vaxtı qolsuz bitib. Bu üzdən də Super Kubokun qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Zaqreb təmsilçisi 4:1 hesabıyla qalib gəlib.

Mahir bu görüşün iştirakçısı olmayıb. Zədəli olan millimizin üzvü bu matçın iştirak ərizəsinə də daxil edilməyib.

Zaqreb “Dinamo”su tarixində 6-cı dəfə Super Kubokun qalibi olub.

Shares: