Premyer Liqanın kağız üzərində mövcud olan yeganə klubu “Şamaxı”da sular durulmayıb. Komanda gizli şəkildə məşq etsə də, bölgə təmsilçisi ilə bağlı xeyli suallar cavab gözləyir.
Rəhbərliyi bəlli olmayan komandada iki baş məşqçi var. Rəsmi çalışdırıcı Rüstəm Əliyev haqda heç bir qərar verilmədiyi halda, futbolçuları məşqə Cavid Hüseynov çıxarır.
Klub ötən günlərdə bəyanat yayıb, tezliklə bütün suallara cavab veriləcəyini bəyan etdi. Bəlli oldu ki,
“Şamaxı Futbol Klubu” İctimai Birliyinin təsisçilərinin və idarə heyətinin dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində və digər əlaqədar qurumlarda olan zəruri qeydiyyat prosedurları davam edir. Bu qeydiyyat prosedurlarının ilkin mərhələsi yekunlaşıb. Hal-hazırda “Şamaxı Futbol Klubu” İctimai Birliyinin idarə heyətinin yeni sədri kimi Elçin Arif oğlu Usub qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydiyyata alınıb. Müvafiq təsdiqedici sənədlər Ədliyyə Nazirliyi tərəfindən klubun hazırkı rəhbərliyinə 6 iyul 2022-ci il tarixində təqdim edilib.
Qanunvericiliyə uyğun olaraq bütün prosedurlar yekunlaşdıqdan sonra komandanın bütün heyəti, məşqçilər və oyunçular ilə əlaqədar son qərarlar veriləcək. Həmin qərarlar, habelə klubun yeni idarəetmə və inkişaf strategiyası ilə bağlı tezliklə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir”.
Elə bu açıqlama göstərir ki, klub REFRESH olunur, sıfırlanır, tamamilə yenilənir. Klubun loqosunda yaranma ili kimi 2022 göstərilməsi də bununla bağlıdı. Yəni bu komanda “Keşlə”nin varisi sayılmamalıdı, tamamilə yeni komanda kimi Premyer Liqada çıxış edəcək. Yarışın Əsasnaməsinə, lisenziyalaşdırma qaydalarına zidd olsa da…
Köhnə rəhbərliklə bağların qoparılması faktı da dəqiqdi. Müşahidə Şurasının əvvəlki sədri Zaur Axundov klubun əmlakının bir hissəsinə əl qoyub, onu öz malı hesab etdiyindən “Şamaxı”ya vermir. Təsadüfi deyil, hazırda “Şamaxı”nın avtobusu yoxdur. Klubun nəqliyyat vasitəsini Axundov özündə saxlayıb. Klubun büdcəsindən pul xərclənərək alınan avtobusu Axundov girov kimi saxlayıb. Kluba cibindən pul xərclədiyini bildirən Zaur bəy, vəsaiti geri almayınca addımından geri çəkilənə oxşamır.
Bölgə klubunda bu qədər bərbad durum var. Və varlığı yalnız kağız üzərində görünən “Şamaxı” 5 gün sonra yeni mövsümün püşkatmasına qatılmalı, 25 gün sonra yeni mövsümdə oynamalıdı.
CAVAD
P.S.: Ümid edirik ki, nəvaxtsa “Şamaxı”yla bağlı suallarımıza cavab almaq, müraciət etmək üçün kimisə tapacağıq.