Polşanın “Lex” komandasının baş məşqçisi Con van den Brom UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Burada olmaqdan məmnunam. Bakıdakı hava şəraiti xoşagələndir. Hamı günəşli havanı xoşlayır. Bunun bizə problem yaradacağını düşünmürəm. Çünki istənilən havada oynamağa öyrəşmişik. Ötən həftə Polşada da belə hava var idi”.
56 yaşlı mütəxəssis bildirib ki, “Rakov”a 0:2 hesabı ilə uduzduqları Polşa Super Kubokunun matçından sonra heyətlə bağlı müəyyən itkiləri var: “3 oyunçumuz sabahkı görüşdə meydana çıxmayacaq. Onları başqaları ilə əvəzləyəcəyik. İlk matçda çətinliklə də olsa, qalib gəldik. İnanıram ki, sabah da belə olacaq. Heyətdəki itkilərin bizə problem yaradacağını düşünmürəm”.
Baş məşqçinin sözlərinə görə, cavab görüşündə heç-heçə də onlar üçün qənaətbəxş nəticə sayılacaq: “Amma mən heç vaxt komandamı meydana bərabərlik üçün çıxarmamışam. Bakıya qələbə qazanmaq üçün gəlmişik”.