“Əkinçi”nin 147-ci ildönümünü qeyd etdiyimiz gün dədəmiz Qorqudun sözlərini xatırlatmaq yerinə düşürdü: “Torpağı əkib-becərmədinsə qorumağa, qorumadınsa, əkib-becərməyə dəyməz”. Qoruduğumuz, əkib-becərməyə hazırladığımız torpaqlarımıza səfər edən varis-“əkinçilər” də təkcə bayramı dilbər guşəmizdə qeyd etməyə getməmişdi. Məqsəd istirahət deyildi, mədəniyyət beşiyimizə dəyərlərimizə sahib çıxmaq, dünyaya səslənmək, önəmli mesajlar vermək üçün getmişdik.

 

“Əziz Şuşa, sən azadsan” – dövlət başçısının bu müjdəsini eşidəndə bəlkə də çoxumuz, əslində, nəyin baş verdiyinin fərqində deyildik. Təbii, sevinirdik, 30 il işğal altında olmuş torpaqlarımızın azad olunması yolunda həlledici addımın atıldığını bilirdik. Bu müddətdə ürəyində niskil olanlar qamətini düzəltmiş, qüruru qırılanlar başını dik tutmaq üçün fürsət qazanmışdı. Lakin məhz indi azad Şuşanın həyatımızda hansı anlam daşıdığının fərqinə varmağa başlamışıq.

 

Həmin günlər bir gözümüz sevinir, obiri ağlayırdı. Azadlığına qovuşan Şuşa və digər tarixi torpaqlarımızı qanımızla işğaldan azad etmişdik. Şəhidlərimiz üçün ağlayır, onların ailələri üçün üzülürdük. Hamımızın ailəsində, yaxınlarında şəhid, qazi, müharibə iştirakçısı var. Həmin günlərin üzüntüsü, stressi, həyəcanı, qüruru – qarışıq hisslər qəlbimizə hopub. Təbii ki, qələbədə əziyyəti olanlara bir ömür boyu borcluyuq, hər fürsətdə onları yad edirik, qazilərimizə diqqət göstərməyə, şəhidlərimizə rəhmət diləməyə, hamısının ailəsinə daim ən əziz adamlarımız olduqlarını hiss etdirməyə borcluyuq. Bəzən müəyyən qüsurlar, anlaşılmazlıqlar olsa da, dövlət rəhbərliyi lazım olan bütün tədbirləri görür, biz də sıravi vətəndaşlar kimi mümkün olanı etməliyik.

 

MEDİA iyulun 22-də böyük bir jurnalist dəstəsini Şuşaya aparırdı. Məqsəd burada təşkil edilən Forumda iştirak idi. Hava limanında kiçik, amma xoş “qalmaqal” yaşandı. Sənədlərin yoxlama prosesində səfərə dəvət olunan qazi qardaşlarımız xanım həmkarlarımıza yol verib kənara çəkildi. Xanım jurnalistlər isə xoş jestə eyni qarşılıq verib onlar üçün dəhliz açdı: “Bu torpaqlara yolu siz açmısız, öndə getmək sizin haqqınızdı”. Qarşılıqlı hörmət, xoş ünsiyyət, mehriban rəftar – hamısını bir arada görmək necə də gözəl idi.

 

İş prosesidi, yanlışlıqlar, diqqətsizliklər ola bilər. Əsas odur ki, bunlar təkrarlanmır, hər qüsur zamanla yoluna qoyulur, kiməsə qarşı qərəz yoxdur. Bu gün kənarda qalanlar sabah diqqətlə əhatə olunur. “Futbolinfo” da anlaşmazlıqdan əziyyət çəkdi, incik düşdü, bir müddət kənarda qaldı. Amma MEDİA-dan Şuşa forumuna dəvət alanda məmnuniyyətlə qəbul etdik. Dəvət olmasaydı, zamanımızı gözləyəcəkdik, qismət bu günə imiş. Say məhdudiyyətini, tədbirin əhatə dairəsini nəzərə alaraq anlayış göstərməyimiz lazım idi. Beynəlxalq Media Forumu çərçivəsində bir neçə tədbir baş tutmuşdu, Bakıdakı görüşlərdə kənarda qalsaq da, Şuşa Forumunda yerimizi aldıq. Dəvətə görə təşəkkürlər, bu səfərlə bağlı təəssüratlarımız çox müsbətdi, nəticələrini işimizlə göstərməyə çalışacağıq.

 

Milli Mətbuat Günündə Şuşada baş tutan Beynəlxalq Media Forumu sıradan tədbir deyildi. Nüfuzlu xarici qonaqların iştirak etdiyi, fikirlərini bölüşdüyü, önəmli müzakirələrə qatıldığı tədbirdə dövlət rəsmiləri, media kapitanları da fəal iştirak etdi. Tədbir tədbir keçirmək xatirinə təşkil olunmamışdı, müasir jurnalistikanın çox ciddi problemləri müzakirə olundu, fikirlər dinlənildi, təkliflər səsləndi, inkişaf istiqamətləri müəyyənləşdi. Beynəlxalq forumdan nəticə çıxarmaq, faydalı müzakirələrdən yararlanmaq, onu öz fəaliyyətində tətbiq etmək artıq bizim – media əhlinin boynuna düşən vəzifədi.

 

“Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumunda “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar”, “Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı”, “Azərbaycan mətbuatında Şuşa izi” və “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” panel-iclaslar keçirildi. Müzakirələrdə iştirak etmiş biri kimi forumun çox müsbət nəticələrinin olacağına əminəm. Etiraf etməliyik ki, yalnız diqqət gözləyən, zaman-zaman inciyən, narazılıq edən biz mətbuat işçiləri də fəaliyyətimizdə yeni addımlar atmalıyıq. Yeni çağırışlara adekvat cavab verməli, media etikasına diqqət yetirməli, peşə davranışını yaxşılaşdırmalı, həyatımızın ayrılmaz hissəsinə çevrilən rəqəmsal mühitdə yeni imkanlardan yararlanmalı, sosial mediayla ənənəvi medianın imkanlarını birləşdirməyə çalışmalı, imkanlardan daha yaxşı faydalanmalıyıq. Forumda bütün bunlarla bağlı ciddi müzakirələr oldu və tədbir Milli Mətbuat Günündə jurnaistlərə hədiyyə sayılmalıdı.

 

Şuşada ilk dəfə olmaq qarışıq hisslərə səbəb olmuşdu. Füsünkar şəhərin hər qarışında şəhidlərimizin, qazilərimizin izi var idi. Həmin günləri bizimlə birgə səfərə çıxan hərbçi qardaşlarımızla birlikdə xatırlamaq fərqli duyğu idi. Qürur hissləri bəzən şəhidlərimizə görə təəssüfə çevrilirdi, amma tarixi yaşatmaq, əlimizdə olanı qorumaq üçün birləşmək, çalışmaq, dayanmamaq, böyüməklə bağlı ümumi qənaətimiz bizə əlavə güc verirdi.

 

Yazının girişində Dədə Qorquddan misalı təsadüfən gətirməmişdim. Azad etdiyimiz torpaqlarda daimi olmaq üçün indi növbəti mərhələyə keçməliyik. Belə önəmli tədbirlər məhz Şuşa kimi mədəniyyət beşiyimizdə keçirilməlidi. Erməni vandalların viran qoymaq istədiyi torpaqlarımızı orada varlığımızı isbat etməklə, qurub-yaratmaqla qorumalıyıq. Əkib-becərməliyik ki, qoruyaq, qorumalıyıq ki, əkib-becərək. Milli Mətbuat Günündə “əkinçilər” müqəddəs topraqda növbəti toxumu səpdi, o toxum cücərəcək, böyüyəcək və informasiya müharibəsində, təbliğat savaşında düşmənə qarşı silaha çevriləcək.

 

VÜSAL MAHMUDOV

61689cee bfcd 3a6c 8bdc 1430a209cede 850 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp