“Qarabağ” “Sürix”dən yaxşı komandadır. Bunu ilk oyunda gördük. Səfər matçında komanda ehtiyatlı oynamalı və standart vəziyyətlərdən rəqibə şans verməməlidir. Çünki belə oyunlar çox spesifikdir” – bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli deyib.

Alban futbolçu keçmiş komandasının UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində İsveçrənin “Sürix” klubuna qarşı keçirəcəyi cavab matçından danışıb: “Qarabağ” hələ ki, çox yaxşı futbol sərgiləyir. Amma indidən qrup mərhələsi haqqında danışmaq üçün tezdir. Qarşıdakı oyunlarda rəqiblərin necə olacağını görəcəyik. “Qarabağ” üçün hazırda ən vacibi səfərdə “Sürix”ə qarşı yaxşı futbol nümayiş etdirmək və qalib gəlməkdir”.

İki il İsveçrə çempionatında çıxış etmiş Aqolli “Qarabağ”ın problemləri barədə suala belə cavab verib: “Qurban Qurbanov işini məndən yaxşı bilir. Amma son oyunda görünən o idi ki, komandanın standart vəziyyətlərlə bağlı problemi var. Çünki İsveçrədəki komandalar standart vəziyyət üzərində çox işləyirlər və bundan faydalana bilirlər. Qalan bütün komponentlərdə “Qarabağ” üstündür. Komanda yaxşı pressinq edir, ötürmələr əladır, qol şansları yaradırlar və başqa kreativ şeylər var”.

Ansi kabo-verdeli yarımmüdafiəçi Patrik Andradenin gedişinin komandaya böyük təsir etmədiyini deyib: “Şübhəsiz ki, o, çox yaxşı futbolçu idi. Amma “Qarabağ”ın yarımmüdafiə xəttinə onun gedişi o qədər də pis təsir etməyib. Filip Ozobiç əla çıxış edir. Riçard Almeyda 3 matçda özünü yaxşı tərəfdən göstərə bilib. Yeni futbolçu Marko Yankoviç də yaxşıdır. Qara Qarayev zədədən qayıdacaq və hər şey tam qaydasında olacaq”.

ŞAHSUVAR

Shares: