“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Aris”inə qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk oyunda məğlub olduq. Bu qarşılaşmanı analiz etmişik. Sabah meydana çıxıb hər kəsə birinci matçın təsadüf olduğunu göstərməliyik. Rəqibə hörmət edirik. Dönüş yaratmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Həm özümüz, həm də fanatlarımız üçün növbəti mərhələyə adlamağa çalışacağıq”.
Rumıniyalı baş məşqçi hazırda rəqibi daha yaxşı tanıdıqlarını vurğulayıb: “İlk görüşdə rəqibin və bizim qol şanslarımız oldu. Bir epizodda penaltimiz verilmədi. Hətta “Aris”in mərkəz müdafiəçisi ikinci sarı vərəqəni alaraq meydandan qovulmalı idi. Rəqibin evdə aqressiv çıxış etməsi normaldır. Biz də bunun üçün çalışacağıq. Komandaya güvənirəm. Lazımi nəticə əldə edəcəyimizə inanıram. Bunu sabah görəcəksiniz”.
Regekampf Kipr klubunun əleyhinə danışmaq və ya haqqında pis sözlər demək istəmədiyini diqqətə çatdırıb: “Neftçi” azarkeşlərinə demək istəyirəm ki, sabah döyüşəcəyik. İtiriləsi heç nəyimiz yoxdur. Sanki ilk matçın 20 dəqiqəsində meydanda yatdıq və qapımızda iki qol gördük. Hətta deyərdim ki, üçüncü qolu da buraxmalı idik. Bu baş versəydi, cavab görüşünə köklənmək daha çətin olardı. Futbolçulara düzgün göstəriş verməyə çalışıram. Həftə ərzində bütün səhvlərimizi izah etdim. Geridönüş üçün əlimizdən gələni etməliyik. Sabah 5 qol vuracağımızı deyə bilmərəm. Amma növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni edəcəyəm”.
Mütəxəssis start heyəti müəyyənləşdirdiyini deyib: “Bu barədə məlumat verə bilmərəm. Sabah oyunçularımız meydana qələbə üçün çıxacaq. Dolu tribunaların oyunçularımıza müsbət təsir edəcəyini düşünürəm. Sabah fanatlarımızla qələbəni qeyd edəcəyimizə inanıram”.
Baş məşqçi edilən transferlərin komandaya xeyir verəcəyini söyləyib: “Oyunçuları hamımız birlikdə seçmişik. Vaxt azlığından daha çox variantlara baxa bilmədik. Düşünürəm ki, bunlar düzgün seçimlərdir”.