İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir.
Futbolinfo.az xəbər verir ki, üçüncü yarış günündə qızlardan ibarət millimizin 4 üzvü mübarizəyə qoşulub.
Elvina Kərimzadə (43 kq) ilk mərhələdə amerikalı Erika Pastorizaya məğlub olub. Ancaq rəqib finaladək irəlilədiyi üçün Kərimzadə təsəlliverici görüşdə iştirak hüququ əldə edib. Elvina polşalı Dominika Konkellə qarşılaşacaq.
Ruzanna Məmmədova (49 kq) əvvəlcə rumıniyalı Ana Mariya Rotaruya “tuşe” ilə qalib gəlib. Avropa çempionumuz 1/8 finalda bolqar Viktoriya Boynovadan güclü olub – 7:1. Məmmədova növbəti mərhələdə türkiyəli Şevval Çayırı minimal fərqlə (3:2) üstələyib. Ruzanna yarımfinalda qazaxıstanlı Aymgül Abilovaya heç bir şans tanımayıb – 10:0. Beləliklə, həmyerlimiz ardıcıl ikinci dəfə U-17 dünya çempionatının finalına yüksəlib. Məmmədova həlledici görüşdə yaponiyalı Mihoko Takeuçiylə üz-üzə gələcək.
Günay Qurbanova (57 kq) təsnifat mərhələsində macarıstanlı Gerda Terekə 2:5 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Qurbanova təsəlliverici görüşdə hindistanlı Liza Tomarla qarşılaşacaq.
Fatimə İsayeva (65 kq) debütdə türkiyəli Duyğu genə uduzub – 1:3.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları sabah keçiriləcək.