Arzu deyil, heç proqnoz da deyil, reallıqdı! “Qarabağ” ardıcıl 9-cu dəfə avrokuboklarda qrup mərhələsində oynayacaq. Polşa və İsveşrə çempionlarının hərəsinə 5 qol vurmaqla tarix yazan Ağdam klubu bu mövsüm üçün minimum vəzifəni indidən yerinə yetirib. Çempionlar, ən azı Avropa Liqasında qrupa düşmək üçün isə şanslar davam edir.

Taktiki savaş, mübarizə, meydanın hər qarışı uğrunda döyüş, xarakter, əsəb, stress – dünən bunların hamısı var idi. Və “Qarabağ” belə atmosferdə oynamaqla yanaşı, “Sürix”i ədalətsiz hakimlərə, yersiz zədələrə, ciddi itkilərə rəğmən, məğlub etdi. Bəlkə zaman-zaman bəxti gətirdi, bəzi epizodlarda şanssız oldu, yekunda isə tarixdə qalacaq lazımi nəticəni qazandı. Ən əsası, oyunuyla utandırmadı, qürurlandırdı.

Püşkün çətin rəqiblərlə imtahan etdiyi “Qarabağ” “Sürix”lə Bakıdakı matçın son dəqiqələrində vəziyyətini qəlizləşdirmişdi. 3:2 sürüşkən hesab idi və isveçrəlilər artıq 4-cü dəqiqədə ümumi bərabərliyi təmin etdi. Maksim Medvedev təcrübəsinə yaraşmayan səhv sayəsində rəqib üçün qol vurmuşdu. Ümidlər oyunun startındaca azalmış, darmadağın olmaq təhlükəsi reallaşmışdı.

Start heyətdə Filip Ozobiçə şans verməyən, Kadi Borkesi mərkəzə çəkərək Ramil Şeydayevi cinaha atan Qurbanov sürprizinin faydasına sonrakı dəqiqələrdə görəcəkdi.

Lakin Qurban Qurbanov və yetirmələri dönüş yaratmağı bacardı. İlk yarının ortalarından başlayaraq, artıq meydanda bərabər oyun gedirdi, “Qarabağ” özü kimi oynamağa başlamışdı. Taktiki savaşda uduzmayan baş məşqçimiz fasilədə etdiyi dəyişikliklə, verdiyi tapşırıqlarla vəziyyəti dəyişdi. İkinci hissənin əvvəlində gələn cavab qolu ilə yenidən ümidləndik. İnsaf naminə, zədələnən Kevin Medinanı əvəz edən Bədavi Hüseynov, daha sonra Maksim Medvedevi dəyişən Bəhlul Mustafazadə “Qarabağ”ın ehtiyat qüvvəsinin də normal olduğunu göstərdi – onlar əsas heyət üzvlərinin yoxluğunu hiss etdirmədi.

Qurbanov bəlkə də İbrahima Vadjini əvəz etməkdə tələsdi. Lakin sonradan Ovusu Kvabena və meydanda qalması səhv kimi dəyərləndirilən Şeydayev məşqçinin haqlı olduğunu isbatladılar. Biri həlledici qolu vurdu, digəri dayanmadan işlədi. Lakin buna kimi “Sürix” yenidən hesabda önə keçməyi bacardı. Müdafiədə ani diqqətsizlik oyunun əlavə vaxta getməsinə imkan verdi.

“Qarabağ” ikinci dəfə də oyunda qırılma anını çevirməyi bacardı. Ağdamlıların növbəti dəfə hesabı bərabərləşdirməsi psixoloji gərginliyi öz üzərindən isveçrəlilərin üzərinə atmasına səbəb oldu. Sərt, bəzən kobud oyunun qalan vaxtı “əridi”, layiqli qələbə reallaşdı. Çempionumuz növbəti matç üçün Kadi Borges və Riçard Almeydanı itirsə də, 3-cü mərhələyə adlamağı bacardı.

Növbəti rəqib Macarıstan çempionu “Ferentsvaroş” olacaq. Yenə güclü bir rəqib, yenə çətin sınaq… Amma “Qarabağ” ondan gözləntiləri o qədər yüksəldib ki, nəinki Konfrans, hətta Avropa Liqasının qruplarını da bəyənmirik. ÇL-də sona kimi getməyə, pley-offa vəsiqə qazanmağa ümid varsa, mümkün olduğu qədər irəliləmək şərtdi. Azərbaycan futbolundan böyük olan “Qarabağ” buna layiq və qadirdi.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp