Klublar çoxdan gözlədiyi xəbəri aldı. Premyer Liqa və I Divizion təmsilçilərinə ayrılacaq vəsaitin məbləği dəqiqləşdi. Rəsmi açıqlama hələ verilməsə də, klub nümayəndələrinə müjdə şifahi şəkildə çatdırılıb.

Gözlənildiyi kimi, elita klublarının hər biri 3 milyon manat alacaq. Bu məbləğin bir milyonu uşaq komandalarına, qalan hissəsi əsas komandaya xərclənəcək. Divizion klubları isə 200 min manatla kifayətlənməli olacaq.

Maliyyə vəsaitinin məbləği ilə bağlı proqnozlar doğruldu, amma pulun köçürülməsi ilə bağlı vəziyyət fərqlidi. Öncə maliyyənin yerli icra hakimiyyətlərinə köçürülməsi, klublara onların nəzarət etməsi planlaşdırılsa da, ötən həftələr ərzində başverənlər “yuxarılar”ın fikrini dəyişib. Tovuzdan, Şamaxıdan xoş xəbərlər gəlmədiyindən, maliyyəni icra hakimiyyətlərinə etibar etməyin problemlərə səbəb olacağı qənaəti yaranıb.

Yekunda dövlətin ayırdığı yardımın AFFA xətti ilə birbaşa klubların hesabına köçürülməsi qərara alınıb. İcra Hakimiyyəti ümumi nəzarətdə kənarda qalmayacaq, lakin maliyyənin düzgün xərclənməsinə xüsusi audit qrupu nəzarət edəcək. Bu məqsədlə vəsaiti ayıran İqtiadi İnkişaf Nazirliyində qrup formalaşdırılacaq.

Yaxın günlərdə futbola dəstək çərçivəsində fərqli qərarların da verilməsi gözlənilir. Yeni layihələr nəzərdə tutulub, həmçinin çempionatın sponsoruyla bağlı məsələlərə tezliklə aydınlıq gələcək.

Shares: