Türkiyə çempionu “Trabzonspor” yarımmüdafiəçisi Yunus Mallı ilə yolları ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Türkiyə millisinin də üzvü olan 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Trabzon klubu futbolçuya 7 milyon TL təzminat ödəniləcəyini açıqlayıb. Tərəflər arasındakı müqavilə 2023-cü ilin yayında bitəcəkdi.
Yunus Mallı “Trabzonspor”a 2021-ci ilin yanvarında Almaniyanın “Volfsburq” klubundan gəlmişdi. Mönhenqladbax “Borussiya”sının yetirməsi olan yarımmüdafiəçi Almaniyada “Union Berlin” və “Maynts”ın da formasını geyinib. Türkiyə millisində 25 oyun keçirmiş futbolçu, cəmi 1 qol vurub.
“Trabzonspor” iki futbolçusunun da icarəyə verildiyini açıqlayıb. Batuhan Kör 1-ci liqa təmsilçisi “Manisa”ya göndərilib. 21 yaşlı hücumçu qarşıdakı mövsümün sonuna kimi Manisa təmsilçisində forma geyinəcək. O, Trabzon klubuna bu ilin əvvəlində “Bursaspor”dan gəlib.
Abdülkadir Parmak isə Super Liqanın digər təmsilçisi “Qaziantep”ə icarəyə verilib. 27 yaşlı yarımmüdafiəçi də 2022/23 mövsümünün sonuna kimi icarədə oynayacaq.
Abdülkadir Parmak 2016-cı ildən Trabzon klubunun uğurları üçün çalışır. Lakin o, bu müddət ərzində “Altınordu”, “Adana Dəmirspor” və “Kayserispor”da icarədə də oynayıb. Türkiyə millisində 1 oyun keçirmiş futbolçu daha öncə “1461 Trabzon” və “Ümraniyəspor”da da çıxış edib.