“Kəpəz”in yeni transferi Fərid Nəbiyevin futbolinfo.az saytına müsahibəsi
– “Kəpəz”ə keçidiniz anidən baş tutdu, yoxsa danışıq çoxdan aparılırdı?
– Bu, çoxdan aparılan danışıq deyildi. “Kəpəz” mənə təklif göndərdi, bu məsələni menecerimlə danışıb qərara gəldik ki, müsbət cavab verək.
– Ölkə xaricindən və Azərbaycandan başqa variantlarınız var idi?
– Bəli, həm xaricdən, həm də buradan 3-4 təklifim var idi.
– Adətən bizim futbolçular ölkə xaricində çox qala bilmirlər. Siz isə gənc yaşdan yollandığınız Çexiyada 5 il qaldınız…
– Əslində, Avropada qalmaq o qədər də çətin deyil. Gərək getdiyin yerə tez uyğunlaşasan, bura haqda çox düşünməyəsən. Mənim üçün heç bir çətinliyi olmadı. İşlərim daha yaxşı olsaydı, 10-15 il də orada qalardım. Hələ də ora haqda düşünürəm. Bura gəlmişəm, o demək deyil ki, bir daha getməyəcəyəm.
– Jijkov “Viktoriya”sında işlərinizin daha da yaxşı olmasına nə mane oldu?
– Əslində, işlərim normal idi. Sadəcə, axır vaxtlar bəzi səbəblərdən ötrü oradan ayrılmaq qərarına gəldim.
– Həmin səbəblər nələr idi?
– Ən əsası güvənsizlik hissi var idi. Buna görə də Çexiyada qalmaq istəmədim. Çünki futbolçu üçün ən önəmli şey məşqçinin güvənidir.
– Uzun müddət Çexiyada qalsanız da, əsas komandada heç cür möhkəmlənə bilmirdiniz. Buna mane olan nə idi?
– Düzdür, “Slaviya”nın B komandasında idim. Ara-sıra əsas komandanın məşqlərinə gedib-gəlirdim. Orada olduğum müddətdə əlimdən gələnin ən yaxşısını etdim. Amma “Viktoriya”nın əsas komandasında idim. Sadəcə, axırıncı mövsümdə həmin güvənsizliyi hiss etdim. Gördüm ki, öz oyunçularını daha çox irəli çəkmək istəyirlər. Ümumi götürəndə mənim üçün pis alınmadı. Qollar da vurdum, assistlər də etdim.
– Bu güvənsizliyin səbəbi barədə baş məşqçi və ya klub rəhbərliyindən kimləsə danışmadınız?
– Xeyr. “Viktoriya” yenə də məni komandada saxlamaq istəyirdi. Amma fikrim oradan ayrılmaq idi. Bu üzdən də onlardan heç nə soruşmadım.
– Çexiya futbolu barədə nə deyə bilərsiniz? Çempionatlarının bizim Premyer Liqa ilə müqayisədə hansı üstünlükləri var?
– Onlar daha çox fiziki futbola üstünlük verir, uzun toplarla oynamağı xoşlayırlar. Çempionatları, həqiqətən də, çox güclüdür. Hər mövsüm 3-4 klub çempionluq üçün vuruşur.
– Bu 5 ildə özünüzü inkişaf etdirmək baxımından nələr öyrəndiniz ki, Azərbaycanda qalsaydınız onları görə bilməyəcəkdiniz?
– Deməzdim ki, burada qalsaydım, çox şeyi öyrənə bilməyəcəkdim. Çünki bizdə də savadlı məşqçilər çoxdur. Sadəcə, Çexiyada uşaq futboluna olan diqqət tamam başqadır. Onların uşaq futbolundakı şəraitləri buradakından çox fərqlidir. Ən əsası, mənim üçün çox böyük təcrübə oldu. Onlarda təlim-məşq toplanışları tam fərqlidir, fiziki məşqləri dəhşət ağır olur. Düşünürəm ki, bunlar gələcəkdə mənə çox kömək olacaq.
– Dediniz ki, Avropadan da təklifləriniz var idi. Buna rəğmən, “Kəpəz” üçün Azərbaycana qayıtmağı geriyə atılmış addım saymırsınız?
– Düzdür, təklif var idi. Ancaq bəzi problemlər cıxdığı üçün ora getmək alınmadı. Mənim niyyətim burada bir müddət oynayıb, yenidən Avropaya qayıtmaqdır.
– Müəyyən yaşdan sonra Azərbaycandan Avropaya yollanmaq heç də asan olmur. Qorxmursunuz ki, burada ilişib qalarsınız?
– Xeyr, hər şey öz əlimdədir. Yaxşı oynayıb milli komandaya qədər yüksəlsəm, inanıram ki, yenidən Avropada oynayacağam.
– Azərbaycandakı karyeranla bağlı hədəfləriniz nələrdir?
– İlk hədəfim “Kəpəz”də əsas heyət üzvünə çevrilmək, müntəzəm oynamaqdır. Komandama qarşıdakı mövsümdə kömək etmək istəyirəm.
– Bu mövsümdən Premyer Liqada 10 komanda çıxış edəcək. Heyəti sıfırdan qurulan debütant “Kəpəz”dən nə gözləmək olar?
– Doğrudur, heyət yeni qurulub. Amma normal komanda formalaşıb. Düşünürəm ki, çox komandaya başağrısı ola bilərik.
ŞAHSUVAR