İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisi argentinalı sağ cinah müdafiəçisi Nahuel Molinanı heyətinə qatıb.

Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. İtaliyanın “Udineze” klubundan transfer edilən 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İspaniya klubu bu transferə görə italyanlara 20 milyon avro ödəyib.

Nahuel Molina Argentinanın “Boka Xuniors” klubunun yetirməsidir. O, bu klubda olarkən “Defensa Xustisiya” və “Rosario Sentral” klublarında icarədə də oynayıb. Müdafiəçi 2020-ci ilin sentyabrından “Udineze”də çıxış edirdi. O, İtaliya klubunda keçirdiyi iki mövsüm ərzində 68 oyuna çıxıb, 10 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Futbolçu Argentina yığmasında da 17 oyun keçirib.

Molina Madrid klubunun bu yay heyətinə qatdığı üçüncü futbolçudur. Paytaxt təmsilçisi daha öncə Aksel Vitsel və Samuel Lino ilə müqavilə bağlamışdı.

“Atletiko” bu transferin tərkib hissəsi kimi öz müdafiəçisi Nehuen Peresi də “Udineze”yə satıb. Argentinadan olan 22 yaşlı futbolçu İtaliya klubu ilə 5 illik müqavilə bağlayıb.

Nehuen Peres “Argentinos Xuniors” klubunun yetirməsidir. O, 2018-ci ildə “Atletiko”ya transfer olunsa da, bu komandada əsas heyətə düşə bilməyib. Əvəzində o, “Argentinos Xuniors”, “Famalikan” və “Qranada” klublarına icarəyə verilib. Ötən mövsümdə isə müdafiəçi məhz “Udineze”də icarədə oynayıb. O, bu komandada 22 oyuna çıxıb. Nehuen həm də Argentinanın U-23 yığmasının üzvüdür.

Yeri gəlmişkən, “Udineze” fransalı müdafiəçi Enzo Ebosseni də transfer edib. Fransanın “Anje” klubundan gələn 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İtaliya klubu bu transfer üçün 4 milyon avrosundan keçib. Ebosse daha öncə “Lans” və “Le Man” klublarının da formasını geyinib.

“Atletiko” üç futbolçusunu da icarəyə göndərib. Vitolo “Las Palmas”a, Manuel Sançes “Osasuna”ya, komandanın yeni transferi Samuel Lino isə “Valensiya”ya icarəyə verilib. Hər üç futbolçu 2022/23 mövsümünün sonunadək icarədə çıxış edəcək.

“Vitolo” məhz “Las Palmas”ın yetirməsidir. 32 yaşlı futbolçu 2017-ci ildən Madrid təmsilçisində çıxış edirdi. O, 2013-2017-ci illər aralığında da “Sevilya”da forma geyinib. İspaniya yığmasında 12 oyuna 4 qol vurmuş vinger, ötən mövsümü də “Xetafe”də icarədə keçirib. “Atletiko”da 101 oyuna 7 qol vurmuş futbolçu, daha öncə də “Las Palmas”a icarəyə verilmişdi.

Manuel Sançes “Atletiko”nun yetirməsidir. 21 yaşlı sol cinah müdafiəçisi 2021-ci ilin əvvəlindən məhz “Osasuna”da icarədə oynayırdı. O, bu komandanın heyətində 52 oyuna 1 qol vurub, 7 məhsuldar ötürmə edib. Madrid klubu yetirməsini icarəyə verməzdən əvvəl onun 2025-ci ilə qədər olan müqaviləsini daha 2 il uzadıb. Beləliklə, İspaniyanın U-21 yığmasının üzvü 2027-ci ilə qədər Madrid təmsilçisinə məxsus olacaq.

Samuel Lino isə “Atletiko”ya bir müddət öncə Portuqaliyanın “Jil Vesente” klubundan transfer edilib. Braziliyalı vingerlə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Lino 2019-cu ilin yayından “Jil Visente”də çıxış edirdi. 22 yaşlı futbolçu son mövsümdə Portuqaliya klubunun heyətində 38 matçda 14 qola imza atıb. O, bütövlükdə bu komandada 99 matça çıxıb, 26 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı yarımmüdafiəçi daha öncə ölkəsində “San Bernardo” klubunun da formasını geyinib.

Shares: