Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə taekvondoçular arasında dünya birinciliyində daha bir medal qazanıb.

Futbolinfo.az xəbər verir ki, mundialın üçüncü günündə millinin üzvü Fuad Məhərrəmli bürünc mükafata sahib olub.

45 kq çəki dərəcəsində mübarizə aparan idmançı mübarizəyə 1/32 finaldan başlayıb. O, ardıcıl olaraq Əhməd Əl-Rababaanı (İordaniya) və Karlo Olyeviçi (Xorvatiya) 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Məhərrəmli növbəti mərhələyə döyüş keçirmədən vəsiqə qazanıb. Buna Çin Taypeyindən olan Vey-Juan Vanqın döyüşə çıxmaması səbəb olub. Təmsilçimiz 1/4 finalda qazaxıstanlı Beket Bolatulini sınağa çəkib. Gərgin keçən görüşdən Məhərrəmli qalib ayrılıb – 2:1.

O, 1/2 finalda Minqyu Kimlə (Cənubi Koreya) üz-üzə gəlib və bu dəfə dayanqdan rəqib üstün ayrılıb. Nəticədə Fuad Məhərrəmli dünya birinciliyini üçüncü yerdə başa vurub.

Bu, Azərbaycan yığmasının mundialda qazandığı ikinci medal olub. Məhərrəmlidən öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna yiyələnib.

Yarışa iyulun 31-də yekun vurulacaq.

Shares: