UEFA kubokunda, hazırki adı ilə Avropa Liqasında klublarımız arasında ilk mərhələ sevincini tarixin qara yaddaşına köçmüş “Karvan” yaşıyıb. Yevlaxlılar 2006-cı ildə Slovakiyanın “Spartak” (Trnava) klubunu mübarizədən kənarlaşdırmaqla bu uğura imza atıb.
İyulun 13-də Bakıdakı “Şəfa” stadionunda keçirilən ilk matçda təmsilçimiz minimal hesablı qələbəyə sevinib.Həmin qolun müəllifi də “Karvan”ın heyətində forma geyinən yeganə yevlaxlı futbolçu Xaliq Muradov olub. Cavab matçında da eyni hesabla qalib gələn “Karvan” futbol tariximizdə ilk dəfə təsnifat mərhələsini keçən klubumuz olub.
Bugünlərdə Bakıda “Spartak”ın qapısına yol tapan Xaliq Muradovla uzun illərdən sonra görüşmək imkanım oldu. Yevlaxlıların “Faiq” ləqəbi tanıdığı veteran futbolçu 2016-cı ildən bu yana 5 il məhkum həyatı yaşayıb. Etdiyi əməldən peşmançılıq hissi çəkdiyini və həbsxanada olduğu illər ərzində yeni insanlarla tanış olduğunu və həyata dair yeni fikirlərinin formalaşdığını bildirir.
Hazırda balıqçılıq təsərüfatı ilə məşğul olan Xaliq Muradov gününü elə bu gözəl mənzərəli ərazidə keçirir. “Karvan” ,”MKT-Araz”, “Karat” “Lokomotiv” klublarının formasını geyinmiş Muradov futbolumuzun durumundan narazıdı. O, Azərbaycan çempionatında oynadığı illəri hazırki vəziyyətdən daha çox üstün sayır.
Hazırladığımız videoreportaja baxsaz, Muradovun onu futboldan iyrəndirənlərə və gənc futbolçulara ünvanladığı sözləri də eşidəcəksiz.
BƏHRUZ MUSAYEV, Yevlax