“Səbail”in müdafiəçisi Şəhriyar Rəhimov hələ 2021-ci ilin sonunda futbolçu karyerasını bitirmək qərarına gəldi. Vaxtilə milli komandaya kimi yüksəlməyi bacaran futbolçu, davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrılar üzündən bu qərarı verməyə məcbur oldu.
Hazırda 33 yaşı olan Rəhimov 3 mövsüm şərəfini qoruduğu Bayıl təmsilçisindən öncə “İnter”, “Şüvəlan”, “Rəvan”, “Kəpəz” və “Zirə”nin də formasını geymişdi. Onun karyerasını erkən başa vurmasını zədəylə yanaşı, başqa xəstəliklərlə də əlaqələndirdilər, hətta müalicədən sonra ciddi irəliləyiş olduğunu dedilər.
Veteran futbolçumuzla danışmaq, hazırkı durumu barədə söhbətləşmək üçün özüylə əlaqə saxladıq. Amma onun cavabı qısa oldu: “Futboldan tamam uzaqlaşmışam. Karyeramı bitirməyimin səbəbi özümdə qalsa yaxşıdır, açıqlamaq istəmirəm. Bununla bağlı çox zənglər gəlir, ancaq danışmaq istəmirəm. Düzdür, zədələrim də var idi, hər dəfə müalicə olunurdum. Mən də daha oynamaq istəmədim”.
Rəhimovun qərarına hörmətlə yanaşır, ona sağlamlıq arzulayırıq. Futbolçu karyerası ərzində ünsiyyətcil, daim hörmət sahibi olmuş Şəhriyarı yenidən futbol camiəmizdə görəcəyimizə ümid edirik.