“Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünalın futbolinfo.az saytına müsahibəsi

– Artıq 3 ildir “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edirsiniz. Bu müddət ərzində nələrə nail olmusunuz?

– “Sumqayıt” Futbol Akademiyası 12 ildir fəaliyyət göstərir və bu il ən uğurlu mövsümümüz oldu. U-13 komandamız Azərbaycan çempionluğunu qazandı, U-15 komandamız isə ikinci yeri tutdu. Buna qədər son 12 ildə bir medalımız var idi. Mənim burada olduğum müddətdə isə eyni anda iki medal əldə etdik. Ancaq önəmli olan bu səviyyəyə necə gəlməyimizdir. Həqiqətən də üç ildir strukturlu, planlı şəkildə akademiyada işlər davam edir, hər il inkişaf edirik. Başladığımız ilk vaxtda əvvəlcə məşqçilərin sayını artırdıq, onlara dərslər keçdik, fəlsəfəmizi qurduq. Bunun üzərində çox çalışdıq. Təəssüf ki, araya koronavirus pandemiyası girdi. Fasilə dönəmində də dayanmadıq, davamlı işlərimizi gördük. Hətta həmin dövrdə FIFA tərəfindən bir layihə başladıldı. Orada akademiyaları təhlil etmişdilər. Biz də yaxşı nəticə verdik, onların tövsiyələrini həyata keçirməyə başladıq. Ən aşağı yaş qruplarını, 4-5 yaşlıları qurduq ki, gələcək üçün U-10 komandamız üçün öz uşaqlarımız yetişsin, uşaqlar futbola daha tez alışsınlar, bu idman növünün təməl məlumatlarına yiyələnsinlər. U-10 komandasına da daha hazırlıqlı gəlsinlər. Ötən mövsüm əvəzedici heyətdəki 18 oyunçudan 14-ü öz akademiyamızın yetirməsi idi. Bu il say daha da artacaq, akademiyadan daha çox futbolçu əvəzedicilərdə olacaq. Həmçinin A komandamıza da əvvəlki illərdən daha çox uşaq verdik. Hətta Nihat Əhmədzadə Birinci Divizionda meydana çıxan ən gənc oyunçu oldu. İstedadlı gənclərimizə əsas heyətlə məşqlərdə, oyunlarda, təlim-məşq toplanışlarında iştirak etmək imkanı yaradılır. Bu mənada ən önəmli amil məşqçilərimizin planlı şəkildə çalışmalarıdır. Məhz strukturlu işin nəticəsidir ki, iki komandamız medal qazandı. Bundan əlavə Talant proqramı açdıq. Bu proqram çərçivəsində 15-19 yaşlılar arasında ən istedadlı 16 gəncə individual video-analizlər, atletik, texniki məşqlər, psixoloji dərslər keçirik. Onları gələcəkdə Avropada gördüyümüz üçün ingilis dilində də dərslər keçirilir. Uşaqların ingilis dilini yaxşı mənimsəmələri üçün müəllimlər təşkil edirik. Müəllimlər yutubda əcnəbi məşqçilərin hazırlıqlarına da baxırlar, oradan ilham alırlar. Bir sözlə, bu üç ildə son 10 ildəkindən daha çox inkişaf gedib. Yolumuza da bu cür davam etmək istəyirik ki, daha uğurlu nəticələr qazanaq.

Əlavə etmək istədiyim xüsusi bir məqam da var. Millilərə gedən oyunçuların sayı da xeyli artıb. Eyni zamanda məşqçilərin kompyuterlə işləmələrində ciddi inkişaf var. Məşqçilər bütün proqramları kompyuterlə keçirlər. Bu da inkişafa böyük təkandır. Bütün işlər detallı şəkildə gedir.

– Yüksək səviyyəli oyunçu yetişdirmək üçün buna uyğun şərait yaradılmalıdır. Akademiyanızda infrastruktur baxımından hansı işlər görülüb?

– Həqiqətən də, istedadlı oyunçuları yaxşı şəkildə yetişdirmək üçün infrastruktur çox önəmlidir. “Sumqayıt” klubunun infrastrukturu Azərbaycanda orta dərəcədən yüksək səviyyədədir. Əlbəttə ki, əskiklərimiz var. Ən böyük çatışmazlığımız məşq meydançası ilə bağlıdır. Daha 1-2 məşq meydançası olsa, yaxşı olar. Qalan hər şey mövcuddur. Fitnessdən tutmuş reabilitasiya və saunaya qədər hər şey var. Şəraitimiz gözəldir. Şəhərimizdə böyük bir stadion tikilir ki, bu da bizə əlavə motivasiya verir. Məşq yerlərimiz, onsuz da, stadionun yanındadır. Uşaqlar hər gün məşq edəndə həmin böyük stadionu görürlər. Bir gün orada əsas komandanın heyətində oynamaq da uşaqların ən böyük hədəfidir. Sumqayıtdakı komandaların çoxu gəlib bizim meydançalarda məşq edir. Akademiyada səhərdən axşama qədər məşqlər davam edir. Əlavə 1-2 meydança bu mənada işimizi asanlaşdırar. Sumqayıtdakı 38 nömrəli məktəbin ərazisi ilə bağlı bir layihəmiz var. Orada meydança inşa edib, 4-13 yaşlı uşaqların hazırlaşmasına şərait yaratmaq istəyirik.

– Bura gəlməzdən əvvəl uzun müddət Almaniyada çalışdınız, hətta son olaraq “Hoffenhaym”ın düşərgəsində oldunuz. Niyə almanların yetişdirdiyi futbolçuların səviyyə baxımından heç yarısını üzə çıxara bilmirik?

– 2000-ci illərin əvvəllərində Almaniyada məşqçiliyə başladım. Oradakı kimi istedadlı uşaqlar eynən burada da var. Heç bir fərqləri yoxdur. Hamısının iki ayağı, iki gözü, iki əli var. Sadəcə, istiqamətləndirmə bir az fərqlidir. Almanlar da 2000-ci illərə qədər eynilə Azərbaycanda olan bugünkü şəraitdə çalışırdılar. Akademiyaları, strukturları yox idi, hər kəs öz bildiyi məşqi keçirdi. 2000-ci ildən akademiyalar qurdular, iş prinsiplərini, strukturları müəyyənləşdirdilər, məşqçilərin yetişməsində böyük əmək sərf etdilər. Yəni istedadlı gəncləri doğru istiqamətləndirdilər və bir hədəfə yönləndirdilər. Nəticədə 2014-cü ildə dünya çempionu oldular. Dünyanın hər yerində istedadlı futbolçular var. İşi düzgün qursanız, oyunçuların individual inkişafına diqqət ayırsanız, heç bir böyük fərqin olmadığını görərsiniz. Məncə, Azərbaycanda diqqəti daha çox akademiyalara yönəltməliyik, onların planlı işləməsini, bir-birlərinə kömək göstərməsini təmin etməliyik. Hər kəsdə standart eyni olmalıdır. Təəssüf ki, burada vəziyyət belə deyil. Akademiyalara nəzarət lazımdır ki, onlarda yüksək səviyyədə iş getsin.

İkinci səbəb odur ki, 2000-ci ilə qədər Almaniyada heç bir texnologiya yox idi. Amma ötən il “Hoffenhaym”ın düşərgəsinə gedəndə gördüm ki, onlar texnikanı, taktikanı bir kənara qoyub, texnologiyaya üstünlük verirlər. Orada gördüyüm şərait inanılmaz idi. 3D filmlərindən tutmuş, qolf maşınlarına, atletik zallara qədər hər şey çox yüksək səviyyədədir. Deyə bilərik ki, bu adamlar hazırda Marsdadırlar. Təməli qurduğumuz zaman, texniki-taktiki çalışmaları formalaşdırdıqda, məşqçiləri yetişdirdikdə biz də həmin mərhələyə keçməliyik. Texnologiyanı artıq futbola cəlb etməliyik. Bu baxımdan böyük problemimiz var.

Bundan əlavə, Avropada hər yaş qrupunun öz həkimi, fizioterapevti, atletik məşqçisi, video-təhlilçisi, psixoloqu var. Buradakı akademiyalarda isə bu işləri görən insanlardan 1-2-sini tapmaq özü böyük iş olar. Məşqçi heyəti də daha geniş olmalıdır. Video-təhlilçilər, fizioterapevtlər, psixoloqlar mütləq olmalıdır. Akademiyalarda hər sahənin mütəxəssisi olsa, uşaqların inkişafı daha sürətli gedər. İndiki halda futbolçu yalnız baş məşqçi, köməkçi-məşqçi və koordinatorla əlaqə saxlayır. Avropada isə bir oyunçuya 6-7 ekspert məsləhət verir. Bir sözlə, işimiz hələ çoxdur.

– Ümumiyyətlə, siz Avropada hansı klubun iş prinsipini bəyənirsiniz və onu “Sumqayıt”da tətbiq etməyə çalışırsınız?

– Heç kimi kopyalamırıq. Son 20 ildə Almaniyadan başqa Fransada, İsveçrədə, Avstriyada, İngiltərədə, Niderlandda çox turnilərdə iştirak etdik. Çox komandalar, akademiyalar görmək imkanım oldu. Hər birinin fərqli çalışma metodu var. İndi deyə bilmərik ki, bura alman və ya ispan futbolunu gətirmişik. Çünki hər ölkənin fərdi inkişafı ola bilər. Buradakı strukturu azərbaycanlı futbolçulara uyğun qurduq. Avropanın müxtəlif metodlarından nələrsə götürdük və məşqçilərlə birlikdə öz fəlsəfəmizi tətbiq etdik. Avropadakı akademiyalarda gördüklərimizi qarışıq şəkildə Azərbaycan futboluna uyğun şəkildə qurmaq istəyirik. Ümid edirəm ki, digər akademiyalar da bizdən ilham alar, bir gün eyni bu yolla davam edərlər.

– Azərbaycanda hamı etiraf edir ki, ildən-ilə üzə çıxan futbolçuların səviyyəsi aşağı düşür. Premyer Liqamızdakı yerli oyunçulara baxdıqda bunu açıq şəkildə görmək mümkündür. Bu geriləmənin səbəbləri nələrdir?

– Hər kəs futbola başqa gözlə baxa bilər. Mən üç ildir burada çalışıram, bu fikirdə deyiləm. Son üç ildə azərbaycanlı futbolçularda inkişaf görmüşəm. Sırf Mahir Emrelinin inkişafına görə demirəm. Amma bu adam gedib Avropada yüksək səviyyədə futbol oynaya bilir. “Qarabağ” klubunda gənc oyunçulara şans verilir, onlar Çempionlar Liqasında çıxış edirlər. Məncə, səviyyə aşağı düşməyib, əksinə, inkişaf gedir. Ancaq hər şey üçün zaman lazımdır. Azərbaycan futbolu bugünkü uğurlarını gələcəkdə daha yaxşı nailiyyətlərə çevirə bilər. Mən buranın gələcəyini qaranlıq yox, aydın görürəm.

– Azərbaycanda klub rəhbərlərinin çoxu hələ də aşağı yaş qruplarındakı komandaların məşqçilərindən qələbə, çempionluq tələb edirlər. Oyunçu yetişdirmək, yoxsa medal qazanmaq daha vacibdir?

– Düzdür, nəticə tələb edilməməlidir. Yaxşı qurulan işin, onsuz da, nəticəsi olur. İlk növbədə fəlsəfəyə, struktura, plana fikir vermək lazımdır. Təməl düzgün qurulsa, nəticə özü gələcək. Məsələn, biz son üç ildə heç bir komandamıza çempionluq və ya medal qazanmaq tələbi qoymamışıq. Bugünkü uğurumuz görülən işin nəticəsidir.

– Azərbaycan futbolunun digər problemi bəzi uşaqların tapşırıqla, tanışlıqla komandaya götürülməsi, hətta oynadılmasıdır. Bunun qarşısının alınmasının bir yolu yoxdur?

– Bu suala cavab verə bilmərəm. Çünki mənim çalışdığım yerdə belə bir şey yoxdur. Bu barədə çox danışmaq da istəmirəm.

– Azərbaycanda adətən 17-18 yaşa qədər hər şey normal görünsə də, keçid dövründə əksər istedadlı futbolçular yoxa çıxır. İllərdir davam edən bu probemin həlli üçün siz hansı metodları tövsiyə edərdiniz?

– Mütləq şəkildə klub sayı artırılmalıdır. Azərbaycanda 50-yə yaxın komanda yoxdur, amma o qədər kluba sığa biləcək futbol oynayan var. U-15 liqasına qədər kifayət qədər komanda var. Amma ondan yuxarılarda say yarıbayarı azdır. Region futbolunun inkişafı da vacibdir ki, oradakı gənclər karyeralarını davam etdirə bilsinlər. Region Liqasında komanda sayı artırılmalıdır, bəlkə İkinci Divizion yaradılmalıdır. Akademiyanı bitirən uşağın 18 yaşa çatanda əsgərliyə getdiyini də nəzərə almaq lazımdır. Əsgərlik də onları iki il futboldan uzaq salır. Ondan sonra isə dönüşü çətin olur. Məncə, problemlər bunlardan qaynaqlanır.

– Son illər hansısa futbolçu karyerasını bitirər-bitirməz aşağı yaş qrupları komandalarına məşqçi, baş məşqçi təyin olunur. Sizcə, bu doğru addımdır? Yəni uşaq komandası çalışdırmaq, onları yetişdirmək bu qədər asandır?

– Futbolçu olmaqla məşqçi olmaq tam fərqlidir. Bunu mən yaş qruplarına bölmək istərdim. Məsələn, məşqçi böyük yaş qruplarındakı uşaqlara futbolçu karyerasında topladığı təcrübəni verə bilsə, yaxşı olar. Lakin unutmayaq ki, biz məşqçi də yetişdirməliyik. Dərhal düşünürük ki, uşaq futbolunu necə inkişaf etdirə bilərik. Bunun üçün futbolçu karyerasını bitirənlərə və ya bu işə həvəsli olan ekspertlərə müraciət etmək olar. Amma ilk növbədə onların özlərini inkişaf etdirmək lazımdır. Bu baxımdan böyük futboldan gələn mütəxəssislərin yuxarı yaş qruplarında çalışması problem olmaz. Orada həm də özlərini məşqçi kimi hazırlaya bilərlər. Futboldan gedən kimi məşqçilik edən çox az adam var. Axı, onlar da məşqçiliyi öyrənməlidirlər. Çünki futbolçu ilə məşqçi arasında fərq böyükdür.

– Gənc məşqçilərin təcrübə üçün Avropanın müxtəlif klublarına göndərilməsi yaxşı olmazmı?

– Məşqçilərimizi başqa akademiyalara aparmaq çox yaxşı olar. Gedib oradakı məşqləri görsünlər. Bu baxımdan sizinlə razıyam. Bunun ikinci alternativi də əcnəbiləri bura gətirib seminarlar keçməkdir. Burada məşqçilər kateqoriya kurslarından əlavə öyrənə biləcəkləri başqa seminarlara qatıla bilmirlər. Onlayn seminar da təşkil etmək mümkündür. Yəni biz ora gedə bilmiriksə, onları bura gətirək.

– “Sumqayıt” bu ildən əcnəbi futbolçu transferlərinə başlayıb. Bunun yerli gənclərə mənfi təsiri olmayacaq?

– Xeyr, mən belə düşünmürəm. Əksinə, səviyyəli əcnəbi futbolçular gələndə bizim uşaqların da onlardan öyrənəcək şeyləri çox olur. Çünki onlar da başqa akademiyalarda, fərqli metodikalarla yetişiblər. Həmin əcnəbilərlə də fikir alış-verişi yaxşı olar. Təbii ki, əcnəbi oyunçu sayını limitdə saxlamağa diqqət yetirmək lazımdır. Bizim uşaqlara da şans verilməlidir.

– Premyer Liqanın bəzi klubları əvəzedici komandalara barmaqarası yanaşır, onun fəaliyyətini dayandırmağı üstün tutur. Həqiqətən də əvəzedici komandalar lazımsızdır?

– Çox yaxşı sualdır. Çünki bu məsələni o vaxt Avropada da çox müzakirə etdilər ki, əvəzedici heyət lazımdır, ya yox. Əksər klublar imtina etmişdilər, amma indi hamısı əvəzedici komanda yaradıb. Mənim fikrimcə, əvəzedicilər mütləq olmalıdır. Akademiyada yetişən uşaqlar böyük futbola ilk addımlarını orada atmalıdırlar. Eyni zamanda A komandasında zədəli olanlara və ya oyun praktikasından əziyyət çəkənlərə də əvəzedicilərin böyük köməyi dəyir. Təəssüf ki, əvəzediciləri Birinci Divizionda oynadırıq. Bunu ayırıb U-23 liqası yaratmaq bəlkə daha yaxşı olar. Yəni akademiya U-19-la bitməsin. Oradan gələnlər də U-23-də böyük futbola alışsınlar. Belə olarsa, əsgərlikdən gələn uşaqlar itirdikləri vaxtı U-23-də sığortalaya, əvvəlki formalarını bərpa edə bilərlər.

– Əksər yerli mütəxəssislərin fikrincə, yaxın 10-15 ildə Azərbaycan futbolundan inkişaf gözləməyə dəyməz. Sizin bu barədə düşüncəniz nədir?

– Azərbaycan futbolunun 10-15 il sonra yaxşı səviyyədə olmasını istəyiriksə, bu gün təməlini düz qoymalıyıq. Akademiyaları strukturlu şəkildə qurmağa, məşqçiləri yetişdirməyə vaxt itirmədən başlamalıyıq. Bunu etsək, inanıram ki, Azərbaycan futbolu 10-15 il sonra fərqli yerlərdə olacaq. Bunun üçün səbirlə işləmək lazımdır.

ABBAS

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media agentliyi 768x768 1 2 - Futbolinfo.az
Shares: