İspaniyanın “Vilyarreal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Uotford” klubunun ispaniyalı sağ cinah müdafiəçisi Kiko Femeniyanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. İspaniya klubu bu keçidə görə qarşı tərəfə cəmi 1 milyon avro ödəyib.

Kiko Femeniya “Herkules” klubunun yetirməsidir. O, vaxtilə “Barselona” və “Real”ın B komandalarında da oynayıb. 2017-ci ildən “Uotford”da çıxış edən müdafiəçi, ona qədər “Alkorkon” və “Alaves”in də formasını geyinib. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu, “Uotford”da 151 oyuna 2 qol da vurub.

“Vilyarreal” öz sağ cinah müdafiəçisi Mario Qasparı da “Uotford”a verib. 31 yaşlı ispan futbolçunun İngiltərə klubu ilə müqavilə müddəti və digər detallar açıqlanmır.

Mario Qaspar “Vilyarreal”ın öz yetirməsi idi. O, 15 il idi yalnız bu komandanın uğurları üçün çalışırdı. Təcrübəli futbolçu doğma komandasında 424 oyuna çıxıb, 11 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. Qaspar klub tarixinin ən çox oyun keçirən 3-cü futbolçusu idi. O, bu komandayla Avropa Liqasının qalibi olub. Mario İspaniya yığmasında da 3 oyun keçirib.

İspaniya klubu yarımmüdafiəçisi Moi Qomeslə də yollarını ayırıb. 28 yaşlı futbolçu “Osasuna”ya transfer olunub. O, yeni klubu ilə 5 illik müqavilə bağlayıb. “Osasuna” bu transferə görə qarşı tərəfə 1.8 milyon avro ödəyib. Klub yeni transferinə 20 milyon avro qiymət qoyduğunu da açıqlayıb.

Moi Qomes də “Vilyarreal”ın öz yetirməsidir. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu, doğma komandasında 222 oyuna çıxıb, 19 qol vurub. O, “Xetafe”, “Sportinq” (Xixon) və “Hueska”da da forma geyinib.

La Liqa təmsilçisində fransalı futbolçu Etyen Kapu ilə də yeni müqavilə imzalanıb. 34 yaşlı dayaq yarımmüdafiəçisinin klubla 2023-cü ilin yayına qədər olan müqaviləsi 2024-cü ilə qədər artırılıb. Vaxtilə “Tuluza”, “Tottenhem” və “Uotford”da da oynamış futbolçu, 2021-ci ildən İspaniya klubunun uğurları üçün çalışır. O, bu komandada 71 matça çıxıb, 4 qol vurub. Fransa yığmasında 7 matç keçirmiş Kapu, 1 qol da vurub.

“Vilyarreal” hücumçusu Aleks Millanla Visente İborranı da müvafiq olaraq “Yunion” (Belçika) və “Levante”yə icarəyə verib. Hər iki futbolçu mövsümün sonuna kimi bu klublarda çıxış etməlidir. 21 yaşlı Aleks klubun öz yetirməsidir. O, əsas komandada cəmi 2 oyuna çıxıb, 1 qol vurub. İspaniyalı futbolçu ötən mövsümü də Belçikanın “Serkl Brügge” klubunda icarədə keçirmişdi.

Visente İborra isə 2019-cu ildən bu klubda çıxış edirdi. O, burada 104 matça çıxıb, 5 qol vurub. 34 yaşlı dayaq yarımmüdafiəçisi əvvəllər “Levante”, “Sevilya” və “Lester Siti”də də oynayıb.

Shares: