Konfrans Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparacaq “Neftçi”nin xahişi yerə düşüb. Bakılılar Avstriya “Rapid”i ilə cavab matçına daha yaxşı hazırlaşmaq üçün müraciət etdikləri “Şamaxı”dan rədd cavabı alıb.

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, avqustun 4-də Vyana təmsilçisini Bakıda qəbul edəcək bakılılar, səfərdəki qarşılaşmaya daha yaxşı vəziyyətdə getmək üçün Premyer Liqanın ilk turundakı matçın yerini dəyişmək istəyib. Həftəsonu Şamaxıya, bundan 3 gün sonra Avstriyaya getməli olacaq paytaxt təmsilçisi, “Şamaxı”ya ilk turun matçını “Bakcell Arena”da keçirməyi təklif edib. Əvəzində 2-ci dövrədəki oyun bölgədə baş tutacaqdı.

“Neftçi”nin bu xahişdə əsas məqsədi həm də futbolçularını qorumaqdı. Şamaxı stadionu süni örtüklü olduğundan futbolçuların zədələnmə ehtimalı var, üstəlik, iki avrokubok matçı arasında sintetik qazonda oynamaq komandanın çıxışına təsir edə bilər.

Əvvəllər dəfələrlə belə halların şahidi olmuşuq və əksər vaxtlarda hamı ölkəmizi beynəlxalq yarışlarda təmsil edən komandalara dəstək olub. Lakin nədənsə “Şamaxı” eyni addıma razı olmayıb.

Qaydaya görə, oyunların yerinin dəyişdirilməsi üçün klublar öz aralarında razılığa gəlməli, daha sonra Peşəkar Futbol Liqasına müraciət etməlidi. Hər iki tərəfin razılığı olandan sonra PFL təqvimdə dəyişikliyə imkan yaradır. İndi isə “Şamaxı” müxtəlif bəhanələrlə bakılıların xahişini geri çevirib. Ümid edirik ki, klub rəhbərliyi qarşıdakı günlərdə qərarına bir daha baxacaq, ölkənin idman imici naminə “Neftçi”nin daha uğurlu olması üçün bu kiçik yardıma razı olacaq.

Bizdə olan bilgiyə görə, “Neftçi” “Şamaxı”ya rəsmi məktubla müraciət edib, rədd cavabını isə şifahi şəkildə alıb. Bölgə təmsilçisinin rəhbərliyi imtinasını bu gün rəsmi şəkildə bildirməlidi. Yaxşı olardı, rəsmi cavab şifahi cavabla eyni olmasın. Hər halda, ötən müddət ərzində ciddi fikirləşmək üçün zamanları olub.

Maraqlıdı ki, son vaxtlar eyni istəyi geri çevirən yeganə klub da məhz “Şamaxı”nın sələfi “Keşlə” olub. Ötən mövsüm “Qarabağ”ın istəyini rədd edən baş məşqçi Sənan Qurbanov bir sonrakı dövrədə baş tutan oyunda ağdamlılar tərəfindən cəzalandırılmışdı. O zaman rəqibinə 8 qol vuran “Qarabağ” Sənan Qurbanovun istefasına səbəbkar olmuşdu.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp