“Kəpəz”in icraçı direktoru İlqar Nadirinin futbolinfo.az saytına müsahibəsi
– “Kəpəz”i Premyer Liqaya artıq hazır saymaq olar?
– Əlbəttə, komanda Premyer Liqaya hazırdı. Təlim-məşq toplanışı imkanlarımız daxilində təşkil olundu. Yeni yaranan komandadır, təbii ki, əskiklər olacaq. Çətinliklərə baxayaraq, çempionatda yaxşı oyun nümayiş etdirməyə çalışacağıq.
– Transfer fəaliyyətinizi tamamladınız, yoxsa bundan sonra da yerli və əcnəbi oyunçular gətirməyi planlaşdırırsınız?
– Transfer ola bilər. Ümumi olaraq komandanı formalaşdırmışıq. Məşqçilərimiz bir neçə mövqeyə uyğun oyunçu olarsa, kollektivə cəlb edilməsini istəyir. Bu da büdcədən asılıdır. Çünki belədə onların hansı şərtlər altında dəvət olunacağı müəyyənləşəcək.
– Mövsümün startına bir neçə gün vaxt qalsa da, infrastrukturla bağlı problemləriniz həllini tapmayıb. İşlərin bu qədər yubanmasına səbəb nədir?
– Yubanmasına hansısa səbəb yoxdur. İnfrastrukturla bağlı işlər sürətli şəkildə gedir. Akademiyada iki təbii örtüklü meydançanın işləri davam etdirilir. Paltardəyişmə otaqları yeni standartlara uyğun hazırlanıb. Digər məsələlər də var ki, Premyer Liqada iştirak etmək üçün Peşəkar Futbol Liqasının tələblərini minimum dərəcədə yerinə yetirməyə çalışırıq. Bir neçə gün ərzində həmin işlərin yekunlaşması gözlənilir.
– Gəncə stadionuna baxış keçirən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhlükəsizlik tədbirlərini əsas götürərək arenaya müsbət rəy verməyiblər. Bəs bundan sonra necə olacaq?
– Bildiyiniz kimi, stadionun istismar müddəti artıq başa çatıb. Oyunlar zamanı da kifayət qədər azarkeş gəlir. Tribunalar isə qəzalı vəziyyətdədir. İnsanların sağlamlığı hər şeydən önəmlidir. Baş verə biləcək hansısa xoşagəlməz hadisənin qarşısının alınmasından ötrü Fövqəladə Hallar Nazirliyi orada geniştərkibli baxış apardı. Yəqin ki, bununla bağlı yekun qərar həftənin birinci günü veriləcək.
– Matçları boş tribunalar önündə keçirəcəksiniz, yoxsa klub Bakıya köçəcək?
– Gözlənilən odur ki, ev oyunları azarkeşsiz keçiriləcək. Bizim əsas istəyimiz doğma azarkeşlərimzin önündə çıxış etməkdir. Buna görə də Peşəkar Futbol Liqasının tələblərini yerinə yetirməyə çalışırıq ki, matçlarımızı Gəncədə keçirək. Ancaq yenə də deməliyəm ki, ilk növbədə insanların sağlamlığını ön planda tuturuq. Xoşagəlməz hadisənin yaşanmasını heç kim istəməz. A variantımız oyunlarımızı Gəncədə keçirməkdir. Bakıya köçmək məsələsi sonrakı variantdır.
– Stadiondakı paltardəyişmə otaqları necə, artıq hazır vəziyyətə gətirilibmi?
– Paltardəyişmə otaqları artıq tamam yenilənib, hazırda orada mebellər quraşdırılır. Yəqin ki, həftənin ilk günündə təhvil veriləcək.
– Gəncəli azarkeşlər nə vaxt ev oyunlarını tribunalardan izləyə biləcəklər?
– Bu barədə mənə çox sual verilir. Düzü, bunun cavabını verməkdə çətinlik çəkirəm. Biz də çempionat matçlarımızı dolu tribunalar önündə keçirməkdə maraqlıyıq. “Kəpəz” neçə il idi Premyer Liqada deyildi, azarkeşlərimiz darıxıblar. Onlar bizim 12-ci oyunçumuzdur. İstənilən rəqibə Gəncədə mübarizə aparmaq çətin olur. Ancaq rəsmi qurumun rəyi varsa, ev görüşlərinə azarkeş buraxılmayacaq. Biz ona deyə bilmərik ki, hansısa turdan sonra ora tamaşaçı buraxılacaq. Biz də tribunaları doldurmağın tərəfdarıyıq. Ancaq bu, imkan daxilində mümkündür. Bizdən asılı olmayan səbəblər var. Onlardan biri stadionun sökülüb, yenidən inşa edilməsidir. Əlbəttə ki, bu məsələ gündəmdədir. AFFA İcraiyyə Komitəsinin bununla bağlı qərarı var. İnanıram ki, bu, tez bir zamanda aktuallığını tapacaq və stadionumuz sökülərək, müasir formada, standartlara cavab verəcək şəkildə hazırlanacaq.
– Stadionun sökülüb, yenidən inşa edilməsi uzun prosesdir. Bu müddətdə “Kəpəz” harada məskunlaşacaq?
– Bu sualı bəzən mən də özümə verirəm, cavab tapa bilmirəm. Yekun qərarlar verildikdən sonra alternativ variantlara baxılacaq. Bilirik ki, vaxtımız çox azdır. İnşallah, həftənin ilk günlərində bu məsələ yaxşı qərarla həllini tapar.
ŞAHSUVAR