Utancverici tablodur. İllər sonra Premyer Liqaya qayıdan “Kəpəz”in, ölkənin ikinci şəhəri olan Gəncənin, futbol məbədi saydığımız şəhərin stadionu yoxdur.

Stadion var, ideal qazona malikdir, lakin onun üzərində oynanılacaq futbolu azarkeşin izləməsi mümkünsüzdü. Üstü bəzək, altı təzək misalı…

Hər şey baş-ayaqdı. İmişlidə, Lənkəranda, Yevlaxda stadion var, komanda yoxdu, Gəncədə isə komanda var, stadion yoxdu. AFFA rəhbərliyi dövlətin milyonlar xərcləyib tikdirdiyi stadionlarda futbolu var edə bilməyib, daim komandası olan Gəncə isə baxımsızlıqdan indiki vəziyyətdədi. Nazirliklə siçan-pişik oynayıblar, ayrı-ayrı idman qurumları bu illər ərzində işbirliyi qurmaq əvəzinə öz nüfuz sərhədlərini çəkiblər, hərəsi öz muxtar dövlətini qurub. Əməkdaşlıq olmayıb, prioritetlər müəyyənləşməyib, inkişaf naminə eyni nöqtəyə vurmayıblar.

İllərdi yazırıq, xəbərdarlıq edirik, bu günlərin anonsunu veririk, əvəzində bizi qərəzli sayırlar, damğa vururlar, hər cür məhrumiyyətə məhkum edirlər, səsimizi kəsirlər. İndi siz danışın, bu eyibi gizlədin, yamaq vurun, günahkar axtarın. Axı, “Kəpəz” hələ divizionda oynayarkən işlərə start verilsəydi, indi hər şey qaydasında olardı…

Beləcə 1960-cı ildə təməli qoyulan, 1963-cü ildə açılışı olan Gəncə şəhər stadionu 59 ildə bircə dəfə də olsun əsaslı təmir edilməyib. Heç Dövlət Proqramı vasitəsi ilə milyonların havaya sovrulduğu illərdə də bu arena yada düşməyib. Maliyyə ayrılıb, transferlərə, mənasız layihələrə dağıdılıb, klubla stadion isə fərqli qurumların tabeçiliyində olduğundan arenanı təmir etmək kimsənin yadına düşməyib.

Nəticə: “Kəpəz” ev oyununu keçirmək üçün 350 km uzaqda yerləşən Mərdəkana ev oyunu keçirməyə gəlir. Şəhər İcra Hakimiyyəti, AGİN, AFFA – kimdir günahkar? Bəlkə hamısı?

Gəncəli olmayıb Gəncədə işləyənləri gözümçıxdıya salan gəncəli futbol veteranları, hardasız? “Kəpəz”in Gəncədə oynamamasına münasibətiniz necədi? Şəhər stadionunun təmir edilməməsinə görə bir dəfə səsiniz çıxıbmı? Yoxsa gücünüz yalnız İsgəndər Cavadova, Mikayıl Nərimanoğluya, Vaqif Sadıqova, Yaşar Vahabzadəyə çatır? Onların yerində özünü görən sizlər bəlkə yalnız iş, maaş davası etməyəsiz, bəlkə həqiqətən daha böyük düşünəsiz, Gəncə futbolunun halına yanasız? “Kəpəz” Premyer Liqaya Bakıda oynamaq üçünmü qayıdıb?

Bu illər ərzində yalnız öz mənfəətinizi düşündünüz, müsahibələri şəxsi maraqlarınız üçün verdiniz, tənqid etdiniz. Əvəzində Gəncənin futbol məbədi gözünüz önündə ovuldu, dağıldı və bu gün hətta azarkeşləri qoynuna alacaq durumda deyil. Rahatsınızmı?

Elə bir məqamdı ki, Gəncə stadionunu qısa müddətə hazır edib, azarkeşləri tribunaya buraxmaq mümkün deyil. Seytnot vəziyyətidi.

Nə edirsizsə, edin, nüfuz dairələrinizi bölüşdürüb qurtarın və nəhayət, Gəncə azarkeşinə layiq stadionu təhvil verin. Vaxtilə milli komandanın oyunlarını qəbul edən arena indi “Kəpəz”ə meydan ola bilmirsə, bu vəziyyətə görə yalnız utanmaq lazımdı.

FƏRİD

296262368 1251447615628142 753839870547048215 n - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp