“Şamaxı”nın “Səbail”dən birillik icarəyə götürdüyü Adil Nağıyevin futbolinfo.az saytına müsahibəsi

– Yay fasiləsində “Səbail”lə yeni müqavilə imzalamağınıza baxmayaraq, “Şamaxı”ya keçdiniz. Sizi bu dəyişikliyə vadar edən səbəb nə oldu?

– Düzdür, “Səbail”lə yeni 2 illik müqavilə bağlamışdım. Sağ olsun, rəhbərlik qalmağımda maraqlı idi. Başqa təklif də almışdım. Bakı toplanışından sonra hazırlığın ikinci mərhələsi üçün Gürcüstana getdik. Oradakı yoxlama görüşlərində baş məşqçi məni oynatmadı, sonra da bildirdi ki, onun planlarında yer almıram. Ya əvəzedici heyətə yollanacaqdım, ya da özümə yeni komanda tapacaqdım. Rəhbərliklə danışdım, onlar məni “Şamaxı”ya icarəyə verməyə razı oldular.

– Baş məşqçi Mahmud Qurbanov sizi komandasında görmək istəmirdisə, yeni müqavilə imzalamağınıza niyə razılıq vermişdi?

– Həmin vaxt baş məşqçi şəxsən özü qalmağımı istəmişdi. Aftandil Hacıyev burada olanda da yeni sözləşmə təklif olunmuşdu. Ancaq Mahmud Qurbanov da gələndən sonra qalmağımı istədi.

– Gürcüstandakı yoxlama görüşlərində şans qazanmamağınız sırf məşqlərdəki performansınla əlaqələndirildi, yoxsa ortada başqa səbəb var idi?

– Mənə də elə deyildi ki, səbəb performansımdır. Heç bir problem yox idi. Yoxlama görüşündə oynamayacağamsa, özümü baş məşqçiyə necə göstərə bilərəm? Harada oynadım ki, performansımı bəyənmədi? Hər kəs oynayır, mən oynamıramsa, deməli, ortada bilmədiyim nəsə var. Hətta komandanın zəif çıxış etdiyi matçda belə mənə şans vermədi ki, özümü göstərim.

– Bununla bağlı Mahmud Qurbanovun özü ilə danışmadınız?

– Gürcüstanda ilk iki matçda oynamamağım mənə çox pis təsir eləmişdi. Bunun səbəbini ondan soruşmaq istədim, amma Mahmud müəllim mənimlə danışmaq istəmədi. Narahat idim, şans verilməməsinin səbəbini bilmək istəyirdim. Fikirləşirdim ki, hansı cəhətimi bəyənmədiyini deyər, onun üzərində çalışaram.

– Bəs baş məşqçi sizi “Səbail”də görmək istəmədiyini necə çatdırdı?

– Hələ Gürcüstanda olanda mətbuatda xəbərlər yayıldı ki, baş məşqçi mənim getməyimi istəyir, Bakıya qayıtdıqdan sonra əvəzedici heyətə göndəriləcəyəm. Yəni komandadan ayrılacağımı mən də mətbuatdan öyrəndim. Toplanışın sonlarında mənə dedilər ki, ya əvəzedici heyətə göndəriləcəksən, ya da özünə komanda tap.

– Mövsümün startı ərəfəsində bu münasibət sizi məyus eləmədi?

– Əlbəttə, çox üzüldüm. Klubla bağlı ümidlərim böyük idi. Çünki rəhbərlik komandaya daha yaxşı qayğı göstərirdi, diqqəti artırmışdı. Yaxşı heyət yığıldı, yüksək yerlər uğrunda mübarizə apara bilər. Klubun pis günlərində də orada olmuşam, əziyyət çəkmişəm, “Səbail”də qalmaq haqqım idi. Rəhbərlik də ilk gündən həmişə mənə dəstək olub. Belə olmasını istəməzdim. Yeni mövsümə böyük həvəslə hazırlaşırdım. Çox məyus oldum, ancaq futbolda belə hallar olur. Həyat davam edir.

– “Şamaxı” çempionatın aşkar autsayderi sayılır. Niyə məhz iddiasız komandanı seçdiniz?

– Başqa təklifim də var idi. Amma Cavid Hüseynov “Səbail”dəki söz-söhbəti eşidəndən sonra mənimlə əlaqə saxladı, komandasında görmək istədiyni dedi. Düşünmədən onlarla danışıq apardım və razılaşdım. Cavid Hüseynov amilinə görə, “Şamaxı” variantını üstün tutdum. “Səbail” rəhbərliyi ilə danışdım, sağ olsunlar, “Şamaxı”ya gəlməyimə icazə verdilər.

– Ancaq etiraf edək ki, “Şamaxı” çempionatın autsayderlərindən sayılır…

– “Şamaxı”da daha çox gənclərə üstünlük verilir. Klubda hər şey dəyişildi, sıfırdan başlayırlar. Yeni baş məşqçinin istəyi Premyer Liqada yaxşı oyun sərgiləyən komanda formalaşdırmaqdır. Mən də kollektivə kömək etmək üçün bura gəlmişəm. Çoxu düşünür ki, “Şamaxı”nın təcrübəsiz heyəti var. Ancaq biz rəqabətədavamlı komanda qurmaq istəyirik. Yeni rəhbərliklə ilk ilimizdir. Onlar da istəyirlər ki, qarşıdakı mövsümlərdə daha güclü olaq.

– Premyer Liqanın açılış turunda “Neftçi”ni qəbul edəcəksiniz. Rəqibinizin avrokuboklardakı çıxışını davam etdirməsi sizin üçün müsbət, yoxsa mənfi haldır?

– “Neftçi” Azərbaycanın “flaqman”ıdır, hər il çempionluğa oynayır. Məncə, onlarda heyətlə bağlı problem yoxdur. Ehtiyat qüvvələri kifayət qədər var. Biz isə ilk oyunu evdə keçirəcəyik, doğma azarkeşlərimizin önündə yaxşı nəticə ilə gücümüzü göstərmək istəyirik.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp