“Turan Tovuz” da bacarmadı. Misli Premyer Liqasının ilk turu heç-heçəsiz başa çatdı və yalnız favoritlər qalib gəldi.
4 gün ərzində yekunlaşan turda ənəni pozmağı yalnız qərblilər bacara bilərdi. Digər matçlar yekunlaşandan sonra evdə oynayan Ayxan Abbasovun yetirmələrinin “Qəbələ”dən azı bir xal alacağıyla bağlı kiçik gözləntilər var idi. Lakin oyunun ssenarisi elə alındı ki, tovuzlular darmadağın olmamasına sevinməlidi.
Matçın əvvəlində “Turan Tovuz” heç də pis təsir bağışlamırdı. Qonaqlar nisbi üstünlüyə malik olsa da, real qol vəziyyətləri yaranmır, rəqiblər müdafiədə maksimum ehtiyatlı oynamağa çalışırdı. Avrokuboklarda iştirak etdiyi üçün hazırlığa daha öncə başlamış, bu üzdən daha formada olan “Qəbələ”də bu, daha əla alınırdı. Ötənilki heyətin qorunması səbəbindən futbolçuların anlaşması da daha yaxşı idi.
“Turan Tovuz”da isə komanda oyunu hələ tam düzəlməyib. Top itkilərinin sayı kifayət qədər çox nəzərə çarpırdı, üstəlik, ötürmələrdə qeyri-dəqiqlik diqqət çəkirdi. Elə bunun sayəsində qərblilərin rəqib qapısı önündə təhlükəli vəziyyət yaratması problemə çevrilmişdi.
Amma “Qəbələ”nin ciddi üstünlük qazanması meydan sahibləri azlıqda qaldıqdan sonra reallaşdı. 31-ci dəqiqədə Piruzi Marakvelidze meydanın mərkəzində yersiz kobudluq etdi və haqlı olaraq meydandan qovuldu. Gürcü bununla təkcə öz debütünü korlamadı, həm də komandanın bütün planlarını pozdu.
Bununla belə, “Turan Tovuz” bir saat müqavimət göstərməyi bacardı. Lakin dünən sanki bütün tərsliklər meydan sahiblərini tapmışdı. VAR-ın müdaxiləsindən sonra təyin olunan penaltiylə “Qəbələ” tilsimi qırıb daha da rahatlaşdı. 5 dəqiqə sonra Rafael Utziq öz ad gününə qol hədiyyə edincə yekun nəticə bəlli oldu. Qalan dəqiqələr sadəcə, formal xarakter daşıdı və “Qəbələ” mövsümə qələbəylə başladı.
Tovuzluların 9 ildən sonra Premyer Liqaya qayıtması qələbəylə əlamətdar olmasa da, yerli azarkeşlər futbol bayramını təşkil edə bildi. Bölgələrdə futbola olan marağın faktiki nümunəsini dünən gördük. İlk turu cəmi 10600 tamaşaçı stadiondan izlədi ki, bunun yarıdan çoxu “Turan Tovuz” – “Qəbələ” matçında reallaşdı. Belə ki, turun digər 4 oyununu 5100 azarkeş izləmişdisə, bağlanış matçında tribunaları 5500 nəfər doldurmuşdu.
ŞAHSUVAR