Azərbaycan millisinin xorvat sabiq baş məşqçisi, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan “Frayburq”da çıxış etmiş Nikola Yurçeviçin futbolinfo.az-a müsahibəsi

– “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində sabiq klubunuz olan Almaniya “Frayburq”u ilə üz-üzə gələcəyini bilirsiniz?

– Bəli, əlbəttə, bu barədə məlumatım var. Çünki “Qarabağ”ı daim izləyirəm. Üstəlik, “Frayburq” sabiq klubumdur, onları da daim diqqətdə saxlayıram.

– Sizcə, Azərbaycan təmsilçisi alman klubundan xal ala bilər? Bu komandalar arasında ilk oyun səfərdə oynanılacaq…

– Fikrimcə, hər iki komanda üçün çox çətin olacaq. “Frayburq” dünyanın top-liqalarından birində – Bundesliqada çıxış edir. Amma digər məqam odur ki, “Qarabağ” böyük Avropa təcrübəsinə sahibdir. Bu səbəbdən Azərbaycan klubunun frayburqlulardan xal ala biləcəyini, hətta onları məğlub edə biləcəyini düşünürəm.

– “Qarabağ”ı izlədiyinizi dediniz. Çempionlar Liqasının qrup mərhələsinə düşmək mümkün olmadı…

– Mənim üçün “Qarabağ”ın bu qədər yaxşı olması sürprizdir. Qurban Qurbanovu təbrik edirəm. Onlar Çempionlar Liqasının qrupunda oynamağa çox yaxın idilər. Sadəcə, şanssızlıq oldu. Amma Avropa Liqasının qrup mərhələsi də pis deyil. “Qarabağ” bu qrupda ilk 2 yerdən birini tuta bilər, bunun üçün real şansları var.

– Azərbaycan liqasını və millisini izləməyə davam edirsiz?

– Təbii ki, izləməyə davam edirəm. Milli komandanın oyunlarına da baxıram. Hazırda Azərbaycan yığması son bir neçə ilin ən yaxşı heyətinə sahibdir. Bu komandaya qarşı oynamaq o qədər asan deyil. Lakin Azərbaycan yığması üçün də Avropanın yaxşı komandaları üzərində qələbə qazanmaq asan görünmür. Millətlər Liqasında oynamaq seçmə mərhələlərdə çıxış etməkdən asandır. Komandaların keyfiyyəti fərqlidir. Hazırda Azərbaycan çempionatı son iki ilə baxanda daha çox inkişaf edib. Sevindirici məqam iki yeni klubun, iki yeni şəhərin futbola qoşulmasıdır.

– Sizcə, “Qarabağ” qrupdan çıxmaq üçün nə etməlidir?

– Fikrimcə, bunu “Qarabağ” bacarar. Çünki bu komandanın heyətində güclü əcnəbilər və ən yaxşı yerli futbolçular yer alır. Üstəlik, Qurban Qurbanov kimi əla baş məşqçiləri var. Ümumiyyətlə, “Qarabağ”ın sistemi çox yaxşı qurulub. Onların uğur qazanmaq üçün real şansları mövcuddur.

CAVAD

Shares: