Hər nə qədər Avropa Liqasında “Frayburq” və “Nant” klubları “Qarabağ”ın ən təhlükəli rəqibləri kimi təqdim olunsa da, “Olimpiakos”u diqqətdən kənar qoymaq olmaz. Pirey təmsilçisi hazırda ideal formasından uzaq olsa da, bu komandanın təkcə birinci səbətdə qərarlaşması faktı çox şeydən xəbər verir.

İstər avrokubok təcrübəsi, istərsə də, heyətinin potensialına görə “Olimpiakos” qrupun favoritidir. İstisna deyil ki, oktyabrın əvvəlində “Qarabağ”la oyunlarına qədər “Olimpiakos” əvvəlki formasını bərpa etsin. Bir sözlə, ağır qrupun daha bir nəhəng komandası ilə sizi tanış etməyin vaxtı gəlib çatıb.

5 barmaq yox, 5 qardaşın 5-i də birdir!

“Olimpiakos”un əsası 1925-ci il martın 10-da Pireydən olan Adrianopulos qardaşlarının sayəsində qoyulub. 5 qardaş olan Yannis, Dinos, Yorqos, Vasilios və Leonidas klubu yaratdıqdan sonra özləri də bir müddət burada futbol oynayıb. Klubun yaradılmasının məqsədi Yunanıstanda olimpiya hərəkatına dəstək xarakter daşıyıb. Elə klubun adının “Olimpiakos” olması da məhz bu məqsədə xidmət edib.

Yaranan kimi aparıcı komandalarından birinə çevrilən “Olimpiakos” 1925, 1926 və 1927-ci illərdə Pirey çempionu olub. Həmin illərdə siyasətlə də məşğul olan qardaşlar klub üçün “Apostolos Karaiskakis” stadionunu inşa etmək qərarına gəliblər.

1929/30 mövsümündə Yunanıstan çempionatında debüt edən “ağ-qırmızılar” 3-cü yeri tutsa da, növbəti “futbol ili”ndə komanda artıq ilk çempionluğunu bayram edir. 1938-ci ildə ildə Pirey klubu 6-cı çempionluğuna qovuşur. 11 mövsüm ərzində belə qəhrəmanlığa imza atan klub 1960-cı ildə 15 çempionluğu və 9 ölkə kuboku ilə öyünürdü.

Ümimiyyətlə, 1950-ci illər “Olimpiakos”un qızıl dövrləri kimi tarixə düşüb. Həmin illərdə “Olimpiakos” Andreas Muratis, İlias Rossidis, Tanasis Bebis, Elias İfantis, Kostas Polixron, Yorqas Darivas və Teodaros Savas kimi oyunçuları ilə Yunanıstanda kubok qoymur. Təsadüfi deyil ki, 1954-59-cu illər aralığında “əfsanə” ləqəbli klub ardıcıl 6 mövsüm ölkə çempionluğunu qazanır.

“Olimpiakos”un tarix boyunca bundan da yaxşı nəticələri olub. Məsələn, pireylilər 1997-2003 və 2011-2017-ci illərdə ardıcıl 7 dəfə Yunanıstan çempionluğunu bayram edib. Amma “Olimpiakos” 1957, 1958 və 1959-cu illərdə ölkə kubokuna da sahib çıxmağı bacarmışdı. Məsələ ondadır ki, indiyə qədər Yunanıstan çempionatında heç bir komanda ardıcıl 3 mövsüm həm ölkə çempionluğu, həm də kubokunu qazanaraq dubl etməyi bacarmayıb.

Daxili arenada hegemonluq etdiyi bu illərdə “Olimpiakos” avrokuboklarda debüt edir. 1959/60 mövsümündə “ağ-qırmızılar” “Milan”la görüşməli olur. Pireydə keçirilən ilk oyunda “Olimpiakos”dan Kostas Papazoqlu hesabı açır. Bu həm də Yunanıstan klublarının avrokuboklarda ilk qolu kimi tarixə düşür. 33-cü dəqiqədə “Milan”ın əfsanəvi futbolçusu Xose Altafini hesabı bərabərləşdirir. Fasilə ərəfəsində İlias İfantis yenidən yunanları hesabda önə çıxarır. Amma 72-ci dəqiqədə dubl edən Altafini “Milan”ı məğlubiyyətdən xilas edir. Cavab görüşündə də “Milan” “Olimpiakos”u 3:2 hesabı ilə məğlub edir.

Əzmkarlığına baxmayaraq, “Olimpiakos” avrokuboklarda ilk mərhələni adlamaq üçün 1963/64 mövsümünü gözləməli olur. Həmin mövsümdə “əfsanə” Kuboklar Kubokunun ilk mərhələsində Polşanın “Zaqlebe” klubunu mübarizədən kənarlaşdırırsa, növbəti mərhələdə “Lion” qarşısında aciz qalır. Amma buna qədər 1963-cü ildə komanda Yunanıstana ilk beynəlxalq kuboku gətirir. 1961-ci ildə start götürən və 2 il davam edən Balkan Kubokunda Rumıniyanın “Braşov”, Yuqoslaviyanın “Sarayevo”, Türkiyənin “Qalatasaray” və Bolqarıstanın “Levski” klublarını məğlub etməklə…

Yunanıstanın ən böyük 3 klubundan biri olan “Olimpiakos” həm də heç vaxt elitanı tərk etməyən 4 komandadan biridir. 47 dəfə Yunanıstan çempionu, 28 dəfə ölkə, 1 dəfə Balkan kubokunun qalibi olan, 4 dəfə daxili Superkuboku qazanan klub ölkənin ən titullu komandası sayılır. Ümumiyyətlə, qazandığı mükafatların sayına görə “Olimpiakos” dünyanın 4 ən titullu klublarından biridir.

“Olimpiakos”un avrokuboklarda ən yaxşı nəticəsi 1992/93 və 1998/99 mövsümündə 1/4 finala yüksəlməsi olub. 1992/93 mövsümündə Kuboklar Kubokunda “Atletiko Madrid”, 1998/99 mövsümündə isə Çempionlar Liqasında “Yuventus” pireylilərin qarşısını kəsib.

Son illərə nəzər salsaq, pireylilərin ardıcıl 12-ci mövsümdə avrokubokların qrup mərhələsində çıxış etdiyini də diqqətinizə çatdıraq.  Ən maraqlı məqam isə Yunanıstan təmsilçisinin son 11 ildə 10 dəfə pley-off mərhələsinə vəsiqə qazanmasıdır. Son 11 ildə yeganə uğursuzluq 2017/18 mövsümündə komandanın Çempionlar Liqasında “Yuventus”, “Barselona” və “Sportinq”in əhatəsində olması zamanı yaşanıb. Həmin qrupda “Olimpiakos” qrup sonuncusu olub. Amma bir məqamı da vurğulayaq ki, “ağ-qırmızılar” son iki mövsümdə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmir. Ötən mövsüm “Neftçi”ni adladıqdan sonra bu komandanın qarşısını “Ludoqorets” kəsməyi bacardısa, bu dəfə ilk mərhələdəcə Hayfa “Makkabi”si “Apostolos Karaiskakis”də onları 4:0 hesabıyla darmadağın edərək ümidlərini söndürdü.

Xeyriyyəçi (g)əmi, uğursuz (ç)alışdırıcı

İndi də bir neçə kəlmə “Olimpiakos”un sahibi Yevangelos Marinakis haqqında. 1967-ci ilin iyulun 30-da doğulan bu adam Yunanıstanın ən böyük gəmi sahiblərindən biridir (yəni Mübariz Mənsimov kimi). Atası Miltiadis Marinakisin yolunu davam etdirən Yevangelosun 2017-ci ildə qeydiyyatdan keçən 70 gəmisi olub (bunların arasında tankerlər də var).

O, həmçinin ölkədə siyasi fəaliyyəti ilə də diqqət çəkən şəxslərdən biridir. 2010-cu ildən “Olimpiakos”un səhmlərini ələ keçirən Marinakis müəyyən dövrlərdə Yunanıstan Superliqasının prezidenti və ölkə futbol federasiyasının vitse-prezidenti vəzifəsində çalışıb. 2017-ci ilin mayında isə yunanıstanlı biznesmen çempionşipdə mübarizə aparan “Nottingem Forest” klubunun səhmlərinə də sahib çıxıb. Məhz onun uğurlu idarəediciliyi sayəsində “Nottingem Forest” 23 ildən sonra İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.  Elitaya qayıtdıqdan sonra orada komandanın uzun illər yerini möhkəmlətməsinə görə Marinakis 18 yeni transfer həyata keçirib.

Marinakis həmçinin böyük xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. Onun xeyriyyəçilik fəaliyyəti təkcə Yunanıstanda yox, dünyada nümunə kimi göstərilir. Müxtəlif mədəni layihələrə pul buraxan Marianis evsiz insanaları evlə təmin etmək, yoxsulluqdan əziyyət çəkənlərin sosial rifahının yaxşılaşdırılması, müalicəyə ehtiyacı olan xəstələrin sağaldılması proseslərində də iştirak edir. Marinaikis UNİCEF-lə əməkdaşlıq sahəsində də dünya xeyriyyəçiləri arasında ön plana çıxan şəxsdir.

“Olimpiakos”un ispaniyalı baş məşqçisi Karlos Korberan haqqında isə çox danışmağa dəyməz. 39 yaşlı mütəxəssisin məşqçilik sahəsində demək olar ki, uğuru yoxdur. 2013-cü ildə “Alkorkon”un gənclərdən ibarət komandasında məşqçiliyə başlayan, daha sonra Səudiyyə Ərəbistanının “Ən-Nəsr” (köməkçi), Kiprin “Doksa Katokopias” və “Ermis Aradippu” klublarında çalşan Korberan sonradan “Lids”də U-23 komandalarında işləyib. 2018-20-ci illərdə “Lids”də köməkçi-məşqçi kimi fəaliyyət göstərən, iki il də “Haddersfild Taun”da işlədikdən sonra Pireyə gəlib. Hələ ki, onun başçılığı altında “Olimpiakos” inamlı təsir bağışlamır.

“Olimpiakos”un rekordları

Klub tarixinin ən çox oyun keçirən futbolçusu: Predraq Corceviç – 493 oyun

Klub tarixinin ən çox qol vuran futbolçusu: Aleksis Aleksandris – 170 qol

Klub tarixinin ən böyükhesablı qələbəsi: “APO Fostiras”  11:0 (Yunanıstan Kuboku, 3 mart, 1974)

Klub tarixinin ən böyükhesablı məğlubiyyəti: “Yuventus” 0:7 (Çempionlar Liqası, 10 dekabr, 2003)

Azərbaycan klubları Yunanıstan klublarına qarşı:

19.07.2012. Bakı. Avropa Liqası. İnter Bakı – Asteras Tripolis 1:1

26.07.2012. Tripolis. Avropa Liqası. Asteras Tripolis – İnter Bakı 1:1 pen. 4:2

20.08.2015. Bakı. Avropa Liqası. Qəbələ – Panatinaikos 0:0

27.08.2015. Afina. Avropa Liqası. Panatinaikos – Qəbələ 2:2

17.09.2015. Bakı . Avropa Liqası. Qəbələ – PAOK 0:0

26.11.2015. Saloniki. Avropa Liqası. PAOK – Qəbələ 0:0

20.10.2016. Bakı. Avropa Liqası. Qarabağ – PAOK 2:0

03.11.2016. Saloniki. Avropa Liqası. PAOK – Qarabağ 0:1

27.07.2017. Afina. Avropa Liqası. Panatinaikos – Qəbələ 1:0

03.08.2017. Bakı. Avropa Liqası. Qəbələ – Panatinaikos 1:2

21.07.2021. Pirey. Çempionlar Liqası. Olimpikos – Neftçi 1:0

28.07.2021. Bakı. Çempionlar Liqası. Neftçi – Olimpiakos 0:1

ABBAS

Shares: