“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Vacib 3 xal qazandıq. Qəbələdə oynamaq asan deyil. Rəqib komandaya Premyer Liqada uğurlar arzulayıram. Futbol qəribə oyundur. İnsan il boyu özünü sağlam və gümrah hiss edə bilməz. Son iki ayda futbolçuların hansı ağır yükü daşıdığını görmüşük. Ötən mövsümdən sonra bizim istirahət üçün vaxtımız az olub. Çünki biz mübarizəyə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən başladıq. Bizdə milli komandanın oyunçuları da çoxdur. Onların istirahət üçün ümumiyyətlə vaxtı olmayıb. Avropa Liqasının qrupunadək olan vaxtı bir mövsüm kimi hesablayıram. Burada fiziki gücdən və psixoloji yorğunluqdan söhbət gedir. Bizim 4 komandaya qarşı 8 matçımız olub. Bütün qarşılaşmalar çətin və gərgin keçib. Bu gün çoxlu qol epizodlarımız oldu. Rəqibi də nəzərə almaq lazımdır. 5-10 matçdan sonra da hansısa komandaya qarşı passiv futbol sərgiləyə bilərik. Komanda bu gün qələbə qazanmağı çox istəyirdi. Amma mən oyunçuları çox gözəl başa düşürəm. Eyni tempdə və sürətdə davam etmək asan deyil”.
Baş məşqçi İbrahima Vadjinin Fransanın “Sent Etyen” klubuna keçidindən sonra komandanın hücum xəttinə yeni transferin edilməməsinə də toxunub: “Neqativ yanaşmaq lazım deyil. Bizim çox oyunçularımız gedib, amma bugünədək uğurlarımızı qoruyub saxlamağa çalışmışıq. Biz ötən il tək Ramil Şeydayevlə Avropa Konfrans Liqasının qrupuna düşdük. Hücum xəttimizdə Şeydayevlə yanaşı Ovusu Kvabena da var. Məni daha çox Musa Qurbanlıya görə tənqid edirlər. Onu da meydana buraxmağımı istəyirlər. Bu cür halla üzləşməmişdik, transfer pəncərəsinin bitməsinə 2-3 gün qalmış oyunçumuz xarici kluba, tarixi olan komandaya keçdi. Çempionatımızdan hansısa oyunçunun getməsi bu bazara marağı artırır. Biz öz işimizi görməyə çalışırıq. Son bir ayda transfer işlərində aktiv çalışırdıq. Sadəcə, tam istədiklərimizi əldə edə bilmədik. Bu gün matça gələnədək həm oyuna hazırlaşırdıq, həm də transfer məsələləri ilə məşğul olurduq. Son dəqiqələrə kimi oyunçulara baxırdıq, boş durmurduq, amma alınmadı”.
Qurbanov Avropa Liqasının qrup mərhələsinin görüşlərinə ümidlə hazırlaşdıqlarını söyləyib: “Azarkeşlərimizi sevindirmək üçün maksimum çalışırıq. Bu gün neqativ yanaşsaq, futbolçular inamsız ola bilər. Əlimdə olan oyunçulara güvənirəm. Ötən il əlimdə 15-16 futbolçu var idi və onlarla irəlilədim. Düzgün iş görməyə çalışacağıq. İki mövqeyə transfer etmək istəyirdim. Alınmadı. Qışda və ya növbəti yayda alına bilər. Amma düşünürəm ki, Vadjinin keçidi Azərbaycan bazarına digər ölkələrin klublarının marağını daha da yüksəldəcək. Əlimizdəki futbolçularla Avropa Liqasına iddialı hazırlaşacağıq”.