Hesab kimsəni aldatmasın. “Qarabağ”a dünən daha çox qol lazım olsaydı, bir hissəyə istədiyi nəticəni təmin edərdi. Bir qol da qələbəyə kifayət etdiyindən, ağdamlılar həm özünü yormadı, həm də rəqibi biabır etməyi lazım bilmədi.
Ağdamlılar “Kəpəz”in nominal ev sahibi olduğu Qəbələdəki matçın ilk yarısında üstün oynasa da, yalnız bir qol vurdu. Sıx müdafiə bircə dəfə səhv etdi, onda da Abdullah Zubir rəqibi bağışlamadı. Bu qol olmasaydı, fasilədən sonra “Qarabağ” tempi artırıb yenə qələbəni təmin edəcəkdi. Lakin hesab açıldıqdan sonra ikinci hissənin əvvəlindəcə meydan sahibləri azlıqda qaldı və çempionun növbəti turu da itkisiz başa vuracağı aydınlaşdı.
Düzdü, növbəti qollar gəlmədi, amma “Qarabağ” ikinci hissə boyunca rəqibi öz cərimə meydançasına buraxmadı. Vəziyyət gəncəlilər üçün o qədər acınacaqlı idi ki, mərkəz xəttini keçmək onlar üçün uğur sayılırdı. Belədə hücum etməkdən çox müdafiəni düşünən “Kəpəz”, minimal hesablı yenlgi ilə canını qurtardı. Bir tərəfdə itkisiz irəliləyən “Qarabağ”, digər tərəfdə xala həsrət “Kəpəz” – matçdan öncəki tablo 90 dəqiqənin tamamında da dəyişmədi.
5-ci turun ilk oyunu çox erkən keçirildi. “Qarabağ”ın Avropa Liqası matçı üzündən önə çəkilən qarşılaşmanın davamı bu gün gəlməyəcək, digər komandalar turu tamamlamaq üçün sabah və bazar günü meydana çıxacaqlar. Elə oyun da ağdamlıların “Frayburq” sınağı oncəsi əla məşq oldu. Qurban Qurbanovun yetirmələri top saxlamağı, qapalı müdafiəni yarmağın yollarını sınaqdan keçirdi. Eyni zamanda futbolçular həm tonusda qaldı, həm də yersiz zədələrdən qaçdılar.
Matç “Qarabağ”ın hücumdakı problemlərini də üzə çıxardı. İbrahima Vadjinin satılmasından sonra ön xəttdə ciddi boşluq var və bu heyətlə qrupda yaxşı perspektivə ümid etmək olmur. Klubun axtarışları nəticə vermir, amma istəniən halda bir çıxış yolu düşünmək lazımdı. Heyət ciddi rəqiblərlə oyunlar üçün yetərsizdi.
“Kəpəz”in durumu da bəllidi. Rəqibiylə müqayisədə fərqli tapşırıqların həlli üçün çalışan gəncəlilərin dünənki matça çıxan heyəti ümumiyyətlə, zəif idi. Zədəli və cəzalı oyunçuların bolluğu üzündən müdafiəni başqa xətt oyunçuları təşkil edirdi. Düzdü, onlar “Qarabağ”ın hücumlarına tab gətirdi, amma yalnız qapının toxunulmazlığını düşünməklə mövsümü başa vurmaq olmaz.
Yaşar Vahabzadənin boşaltdığı postu kimin tutacağı tezliklə bəlli olacaq. Kim gələcəksə, komandanı böhrandan çıxarmaq üçün çox işi var. Yeni məşqçinin bir məsələdə bəxti gətirib ki, komandanın çətin oyunlarının əksəri geridə qalıb, bundan sonrakı təqvim daha rahatdı. Əsas rəqiblərin çox uzaqlaşmadığını nəzərə alsaq, autsayderlərə qarşı 1-2 uğurlu matçla “Kəpəz” özünə gələ bilər.
Düzdü, heyət böyük vəzifələrin öhdəsindən gələcək gücdə deyil, amma “Şamaxı”dan, “Sumqayıt”dan, “Turan Tovuz”dan aşkar geri də qalmır. Klubdaxili problemlər yoluna qoyulsa, ən əsası, komandanın Gəncəyə qayıdışı tezləşsə, sonuncu pilədən yaxa qurtarmaq olar.
Bu matç heç nəyi dəyişmədi. Yenə də xal itirməyən iki, xala həsrət bir komanda var. 1:0 qüvvələr nisbətini tam əks etdirməsə də, reallıq dəyişmir.
CAVAD