Aleksey Baqa “Sumqayıt”dan ayrılmaq niyyətindədi. O, burada uğurlu ola bilməyəcəyini anlayıb və menecerinə yeni klub tapmağı tapşırıb.
Azərbaycanda olduğu 9 ay müddətində cəmi 2 qələbə qazanan belaruslu, 18 oyun ərzində ümidi doğrultmayıb. Lakin məşqçi bunun günahını özündə yox, klub prezidenti Riad Rəfiyevdə görür.
Belə ki, Rəfiyev Baqanı ölkəmizə istədiyi komandanı qurmaq şəraiti yaradacağı vədi ilə gətirmişdi. Bu səbəbdən ötən mövsümü yola verən çalışdırıcı yayda yeni komanda qurmaq niyyətində idi. Lakin Riad bəy transfer pəncərəsi dövründə 8 legioner gətirib, onlardan heç birini Baqa seçməyib. Həmin oyunçular indi ümidi doğrultmur, komanda 4 oyuna bircə qol da vura bilməyib. Menecer-prezident bu futbolçuları satmaq üçün kluba bazar gözüylə baxarkən, Alekseyin nüfuzu tar-mar olur.
Əslində, razılığa görə, belaruslu bu yay özünün seçdiyi legionerlər qrupunu gətirməli, güclü komanda qurmalıydı. Amma Rəfiyev şəxsi maraqları üzündən buna imkan vermədi. Edilən transferlər isə ümidi doğrultmur. Belədə Baqa qaçmağı lazım bilir.
Bir neçə gün öncə Riad bəyin uğursuz oyunlara görə məşqçidən hesabat istəməyə çalışması az qala davayla bitəcəkmiş. Baqa Rəfiyevi onu aldatmaqda ittiham edib və istefa niyyətinə düşüb. Son anda klub rəsmiləri vəziyyətə müdaxilə edərək məqşini yola gətiriblər. Amma belaruslu bu şəraitdə çox davam gətirməyəcəyini, meneceri uyğun variant tapan kimi gedəcəyini bildirib.
FƏRİD